"Dünyanın bütün ölkələrində yol hərəkəti qaydalarını pozanlara ciddi cəzalar tətbiq edilir. Hətta elə ölkələr var ki, buna görə insanlara edam cəzası verilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aqil Abbas İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, Bakıda hər gün yol hərəkət qaydalarını pozaraq qəzalar törədilir: "Bunun hamısına səbəb yol hərəkət qaydalarının pozulmasıdır. Düşünürəm ki, cəzaların cəriməsinin qaldırılması düzgündür. Əgər kimsə sərxoş və ya sürücülük vəsiqəsi olmadan maşın idarə edirsə bu yol verilməzdir. Sürücülük vəsiqəsi də dərəcələrlədir. Misal olaraq, mənim də sürücülük vəsiqəm var, ancaq bu həvəskar, yəni şəxsi maşınım üçündür. Bu vəsiqə ilə avtobus idarə edə bilmərəm. Əgər sən belə vəsiqə ilə avtobus sürürsənsə cəza almalısan. Bu səbəbdən də həyata keçirilən cəzaları müsbət qiymətləndirirəm. Hətta elə cəzalar var ki, daha da sərtləşdirilməlidir".
Tətbiq olunan cərimələrin qiymətinə münasibət bildirən A. Abbas onu da qeyd edib ki, cərimələrin miqdarı təyin olunanda vətəndaşın və ölkənin durumu nəzərə alınıb: "Təbii ki, kasıb sərxoş sürücü 1000 manat cərimələnsə, o bunu tapıb verə bilməz. Düşünürəm ki, təyin olunan qiymətlər münasibdir. İnanmıram ki, gələcəkdə cərimələrin qiymətində artım müşahidə olunsun. Ancaq qəzaların sayı artarsa bu ola bilər".
"Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda dəyişikliklər edilməsinə da toxunan kömitə üzvü: "Ən sivil ölkələrdə belə icazəsiz aksiyalar dağıdılır. Hətta bəzi ölkələrdə belə aksiyaların qarşısını almaq üçün atlardan, göz yaşardıcı qazlardan, su şırnaqlarından istifadə olunur. İnsanlar bilməlidirlər ki, icazəsiz aksiya keçirirlərsə bunun qarşısı dövlət tərəfindən müəyyən yollarla alınacaq",- əlavə edib.
O həmçinin vurğulayıb ki, aksiya keçirmək üçün dövlət tərəfindən müəyyən yerlər ayrılır və orada öz etirazlarını bildirmək olar: "Ancaq elə ola bilər ki, həmin məkanlar şəhərdən uzaqda yerləşir. Həmin məkanları şəhərə biraz da yaxın olan ərazilərə gətirmək olar ki, insanların ora gəlməyə imkanları olsun. Şəhərin müxtəlif yerlərində, eyni zamanda elə stadionlar var ki, orada aksiyaların keçirilməsinə icazə verilə bilər. Küçədə aksiya keçirməklə məsələ həll olunmur".
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl prezident İlham Əliyev "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqinə dair sərəncam imzalayıb. Ölkə başçısı razılaşdırılmamış aksiyalara görə cərimələrin artırılmasını təsdiqləyib.
Qeyd edək ki, Milli Məclisin noyabrın 2-də keçirilən iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, həmçinin İnzibati Xətalar və Cinayət Məcəllələrinə dəyişikliklər müzakirə olunaraq qəbul edilib. Dəyişiklikdə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur. Odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB