YAP 20 ildə ən güclü siyasi qüvvəyə çevrilib

YAP 20 ildə ən güclü siyasi qüvvəyə çevrilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20-ci ildönümü münasibətilə Binəqədi rayon təşkilatında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, Millət vəkili, təşkilatın sədr müavini Eldar İbrahimov, Deputatlar Musa Quliyev, Rafael Cəbrayılov və digər qonaqlar iştirak edib. Əvvəlcə mərasim iştirakçıları Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra tədbir paytaxtın şadlıq saraylarından birində davam etdirilib.

Mərasimi giriş nitqi ilə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov açaraq Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan YAP-ın 20 illiyi haqqında ətraflı məlumat verib. O, 1992-93-cü illərin əvvəllərində Azərbaycanda yaşanan qarşıdurma, ölkədə hökm sürən xaos, anarxiya və dərəbəyliyi diqqətə çəkərək YAP-ın belə bir şəraitdə yarandığını bildirib: "Yeni Azərbaycan Partiyasının ötən 20 ildə respublikada ən güclü siyasi qüvvəyə çevrilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin məntiqidir. Bu gün artıq reallıqdır ki, YAP öz sıralarında 600 minə yaxın üzvü birləşdirib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev fəaliyyətilə Ulu Öndərimizin ideyalarını gerçəkləşdirir. Dövlət başçımızın məqsədyönlü fəaliyyəti iqtidar partiyasına olan ümumxalq inamını daha da artırıb".

Millət vəkili, YAP Binəqədi rayon təşkilatının sədr müavini Eldar İbrahimov isə 90-cı illərin əvvəllərində yaradılan partiyanın hansı şəraitdə fəaliyyətə başladığını, Ulu Öndərin ətrafında çox az adamın olduğunu, şəxsən onun özünün bu partiyanın nizamnaməsini və məramnaməsini, vəzifələrini yazdığını dinləyicilərin diqqətinə çatdırıb: "Partiya ölkənin ən ağır vaxtında yaradılıb və həmin vaxt partiya daxilində də təşkilatı dağıtmağa cəhdlər olub. Lakin Heydər Əliyev buna imkan verməyib. Bu gün isə onun yolunu Azərbaycanın prezidenti İlham Əliyev davam etdirir".

Millət vəkili Musa Quliyev və Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da YAP ölkəmizin inkişafı istiqamətində atdığı uğurlu addımlardan danışıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının aparıcı dünya ölkələrinin siyasi partiyaları ilə dostluq əlaqələri var. Bunun həm dövlətimizin beynəlxalq aləmdə təmsil olunmasında, həm də ölkəmizin problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük rolu vardır. YAP istər iqtisadi məsələlərdə, istər sosial problemlərin həllində, istərsə də digər sahələrdə həyata keçirilən dövlət siyasətində aktiv iştirak edib. Çünki, bizim partiyamızın nümayəndələri belə məsələlərdə ikiqat məsuliyyət daşıyırlar".

Tədbirin sonunda bir qrup partiya fəallarına fəxri fərmanlar verilib, eləcə də partiya üzvlüyünə yeni qəbul olunanlara partiya vəsiqələrinin təqdim edilməsi mərasimi olub. Mərasimə bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə