Firudin Qurbansoy: "Bəzi dairələr insanları barmaqlarına dolayıblar"
"21 dekabrda qiyamət qopmayacaq"

Yerin cazibəsi qüvvəsi və qravitasiyası sabitliyinin pozulmasının heç bir elmi əsası yoxdur. O ki, qaldı Merkuri və Veneranın Günəşin önünü kəsməsinə və Yer üzündə qaranlığın olacağına, bunların da hər biri cəfəngiyat xarakteri daşıyır. Bunu SİA-ya astroloq Firudin Qurbansoy deyib.

Onun sözlərinə görə, Merkuri, Venera, Yer Günəşdən o qədər aralıdır ki, onların kölgəsinin Yer planetinə düşməsi çox cüzidir. Buna baxmayaraq Yer kürəsinin çox az yerlərinə kölgə düşmə ehtimalı da ola bilər: "Lakin həmin hadisənin Azərbaycana heç bir təsiri olmayacaq. Yer kürəsinin şimal hissəsində bu özünü göstərə bilər. Amma bu qlobal şəkildə faciələrin baş verməsi, işıqların sönməsi, sunamilərin olması demək deyildir. Sadəcə olaraq biz hər birimiz səbrimizə hakim olub həmin tarixi gözləməliyik və həmin anda aydın olacaq ki, bu dairələr insanları necə barmaqlarına dolayıblar".

F.Qurbansoy deyib ki, artıq dünya əhalisinin sayı 6 milyardı ötüb. Məhz buna görə də elə dairələr vardır ki, insanları öldürmək üçün müxtəlif vasitələr axtarırlar: "Bunun üçün də müharibələr, müxtəlif viruslar lazımdır. Ümumiyyətlə, onlar burada elə bir ovqat yaradırlar ki, zəif insanlar ürək xəstəliyinə düçar olsun və nəticədə heç bir müdaxilə olmadan dünyalarını dəyişsinlər. Bununla da həmin dairələr "lazımsız insanların" sayını azaltmaqla Yersə balans yaratmağa çalışırlar. Onların 2011-ci ildə dünyanın dağılması ilə bağlı verdikləri informasiyalar belə yalan oldu. O ki, qaldı 2012-ci ilə, deyə bilərəm ki, təxminən 10 il bundan qabaq dünyanın sonu ilə bağlı hətta film çəkmişdilər. Bununla belə müxtəlif səpkili kitablar dərc olunaraq dünyanın hər yerinə yayılmışdı. Hazırda isə hər bir kəs gözləyir ki, 2012-ci ilin dekabrın 21-də qiyamət qopacaq. Bunlar tamamilə absurd bir fikirdir və heç bir hadisə baş verməyəcək. Səfər ayının yeddisinə təsadüf edən Miladi təqvimlə 2012-ci il və Hicri-Qəməri təqvimlə 1334-cü ilin dekabrın 21-i adi günlərdən biridir. Bu zaman Günəşə yaxın olan üç planet Merkuri, Venera və Yer Oxatan bürcündə yerləşəcək. Bunu planetlərin paradı kimi qələmə vermək olmaz. Planetlərin paradı olmaq üçün kəşf olunan on səyyarə bir düz xətt üzərində olmalıdır. Təbii ki, bu əhvalatda baş verməyəcək".

Astroloq həmin bu hadisələrin Avropada hökm sürən iqtisadi böhranla bağlı olmadığını da dilə gətirib: "Bu sadəcə olaraq siyasi oyunlardır. Bildiyiniz kimi indiki şəraitdə iqlim silahları mövcuddur. Bundan da öz növbəsində Amerika (ABŞ) bəhrələnir. Hər bir şey Allahın nəzarətindədir. Amerikada heç bir demokratiyadan söhbət belə gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə