Müxalifət dialoq təklifini dəyərləndirə bilmir

Əli Əhmədov: "Biz isə fərqli düşünürük"
Müxalifət dialoq təklifini dəyərləndirə bilmir

Biz dəfələrlə qeyd etmişik ki, Yeni Azərbaycan Partiyası ümummilli maraqlar ətrafında Azərbaycanın sağlam mövqedə dayanan siyasi partiyaları ilə əməkdaşlıq etməyə hazırdır. Belə bir mövqenin ortaya qoyulması Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatındakı rolu və xüsusi çəkisi ilə əlaqədardır. SİA-nın verdiyi məlumata görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

İcra katibi bildirib ki, həm hakim partiya kimi, həm də Azərbaycanın ən güclü siyasi təşkilatı kimi sanki bu bizim üzərimizə düşən bir tarixi vəzifədir, missiyadır: "Biz bunu belə qəbul edirik. Hesab edirik ki, məhz Yeni Azərbaycan Partiyası ayrı-ayrı siyasi partiyalar arasında dialoq əhval-ruhiyyəsinin və mühitinin formalaşmasında aparıcı rola malik olmalıdır. Dəfələrlə Yeni Azərbaycan Partiyası ayrı-ayrı siyasi partiyaların dialoqunu təşkil edib. Partiyamızın qərargahında bir neçə dəfə müxtəlif siyasi partiyaların təmsilçilərinin iştirakı ilə "dəyirmi masa"lar keçirilib. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının saf, sağlam niyyətlərindən xəbər verir".

Ə.Əhmədov qeyd edib ki, YAP üzərinə düşən tarixi vəzifəni bundan sonra da yerinə yetirmək niyyətində və qətiyyətində olduğunu açıq şəkildə bildirir: "Amma təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, bəzi hallarda ayrı-ayrı müxalifət partiyalarının bəyanatlarında səsləndirilən dialoq çağırışları bir sıra məqamlarda səmimiliyi ilə seçilə bilmir. İnsanda belə bir təəssürat yaranır ki, sanki bəzi müxalifət partiyaları dialoq çağırışlarına real problemlərin müzakirəsinə hər hansı töhfə verməkdən daha çox özlərini ifadə etmək və yaxud özlərinin mövcudluqlarını sübuta yetirmək vasitəsi kimi baxırlar. Biz isə fərqli düşünürük. Biz heç zaman hesab etməmişik ki, dialoq çağırışları və yaxud "dəyirmi masa"ların təşkil olunması Yeni Azərbaycan Partiyasının özünüifadəsi kimi qavranılmalıdır. Yeni Azərbaycan Partiyası istənilən məqamda və məkanda özünüifadə formalarını düşünüb tapır və həyata keçirir. Biz dialoq vasitəsilə özümüzü ifadə etmək, yaxud öz mövcudluğumuzu sübuta yetirmək fikrində deyilik, buna ehtiyacımız yoxdur. İkincisi isə, biz tamamilə səmimi olaraq Yeni Azərbaycan Partiyası kimi ayrı-ayrı ümummilli əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsinin aparılmasının faydasını bildirmək istəyirik. Həqiqətən də, bunun faydası var. Bu, ən azından ümummilli maraqların reallaşması üçün daha optimal yolların seçilməsinə təkan verə bilər. Amma bəzi hallarda biz müxtəlif siyasi partiyaların davranışlarında bayaq dediyim pozitiv məqamlardan daha çox fərdi partiya maraqlarının öndə dayandığını müşahidə etmişik. Ola bilsin ki, biz buna bəlkə də göz yumardıq. Amma açıq şəkildə fərdi partiya maraqlarının ümummilli maraqlardan üstün tutulması və ümummilli maraqlarla bağlı fikir mübadiləsi aparmaqdan daha çox dialoqun texniki tərəfləri ilə bağlı müzakirələrin keçirilməsinə cəhdlər göstərilməsi partiyalar arasında səmimi əməkdaşlığın və dialoq mühitinin formalaşmasına ciddi zərbələr vurur. Biz bunu bir neçə dəfə müşahidə etmişik. Dəfələrlə müzakirələri rasional bir axara yönəltməyə cəhd göstərməyimizə baxmayaraq, bunlar uğursuz olub. Çünki dialoqda iştirak etmək üçün dəvət olunanlar və dialoq müstəvisini formalaşdırmalı olan digər tərəflər məsələni o qədər də rasional olmayan bir məcraya yönəltməyə cəhd göstəriblər. Nəticə etibarilə bu da dialoq ab-havasına ciddi zərbə vurub".

Ə.Əhmədov əlavə edib ki, biz heç də hər şeyin itirildiyini düşünmürük. Gələcək zamanlarda ayrı-ayrı siyasi partiyaların bu problem ətrafında düşüncələrinin daha da saflaşacağına və rasional bir məzmun kəsb edəcəyinə inanırıq: "Elə bir zaman gəlib çatanda hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının siyasi partiyalar arasında dialoq ab-havasını və mühitini daha da gücləndirmək səyləri əhəmiyyətli nəticələrə gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə