İran Ermənistanın izolyasiyasına imkan verməmək öhdəlyi götürüb

Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri
İran Ermənistanın izolyasiyasına imkan verməmək öhdəlyi götürüb

Əksər erməni ekspertləri belə düşünür

Əksər erməni ekspertlərinin fikrincə, İran Ermənistanın izolyasiyasına imkan verməməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Buna görə də İran Ermənistanla gömrük faizlərini sıfıra endirmək kursunu həyata keçirir.

Ermənistanda İrana qarşı müharibədən narahatdırlar. Lakin eyni zamanda onlar indiki halda yaranmış vəziyyətdən İranın ziyanına, özlərinin xeyrinə istifadə etmək niyyətindədirlər. Erməni ekspertlərinin fikrincə, Ermənistanla əməkdaşlığı dərinləşdirmək üçün İran əlavə nə isə təklif etməlidir. Xristian Ermənistanı yeganə islam dövləti olan İranla stabil münasibətə malik həmsərhəd dövlətdir. İran özü belə əməkdaşlıqda maraqlıdır. Erməni ekspertlərinin İrana qarşı belə iddiasını İran prizmasından əsaslı hesab etmək olar, çünki ermənilər bundan da artıq ambisiyalarını İrana qəbul etdirə biliblər. R.Səfərovun ekstradisiyası və əfvinə münasibətdə ermənilər təkcə xristian dünyasında deyil, həm də İranda da antisəfərov kampaniyası apara bildilər. Erməni ekspertinə İran televiziyasında bütün azərbaycanlıları söyməyə şərait yaratdılar. İran erməniləri 980 nəfər kənardan ermənini də dəvət etməklə Tehranın mərkəzində İran rəsmilərinin icazəsi və iştirakı ilə geniş antisəfərov tədbiri keçirdilər. Deyək ki, xristian dövlətlərinin böyük əksəriyyətində erməni icmalarına yalnız kabinetlərdə oturub antisəfərov qətnamə yazmağa imkan verildi. İranda isə əməlli-başlı küçəyə çıxmışdılar.

Regional proseslərdə İranın Ermənistanı proteksiya etməsi Azərbaycan-Türkiyə-İran üçtərəfli regional formatını iflic etdi. İran bütün tədbirlərdə Ermənistanı bu formata qoşmağa çalışıb. Əvəzində isə Ermənistan Dağlıq Qarabağ məsələsinin həllində heç bir addım atmaq istəməyib. Beləliklə, İranın addımları işğalçı Ermənistanın daha da güclənməsinə xidmət edib və edir. Üçtərəfli formatı Trabzon bəyannaməsi əvəzlədi. Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə regionda hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirdilər. Bakı-Tbilisi-Qars dəmiryolu işə düşdükdən sonra İranın vəziyyəti daha da ağırlaşacaq. İğdırdan Naxçıvana dəmiryolu çəkiləcəyi təqdirdə Naxçıvanla əlaqə məsələsində Azərbaycanın İrandan ehtiyacı olmayacaq. Bütün bu layihələr regional kommunikasiyada Türkiyəni ön plana çıxarır; hətta Rusiya zərər çəkir. İranın isə region dövlətləri ilə digər əlaqələri hədsiz zəifdir. Gürcüstanla mal dövriyyəsi əvvəldən kiçik rəqəmlə ölçülürdü. Azərbaycanla mal dövriyyəsi getdikcə azalır, hərhalda Ermənistanla da iqtisadi əlaqələrinin dayanacağını, bəlkə də azalacağını proqnozlaşdırmaq mümkündür. İranda başa düşüblər ki, bütün bu regional proseslərin başında Azərbaycan durur. Belə vəziyyətlər Cənubi Qafqaz regionunda marağını və nüfuzunu artırmağa çalışan İranın siyasətini dəyişməyə vadar edir.

Bütün xəbərlər Facebook səhifəmizdə