Samux rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illiyi qeyd olunub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə Mili Məclisin sədr müavini Valeh Ələsgərov, millət vəkili Mübariz Qurbanlı, İcra Hakimiyyəti başçısı Alı Qocayev və digər rəsmilər iştirak edib. Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov partiyanın son 20 ildə keçdiyi dövrə nəzər salıb.
O bildirib ki, zərurətdən yaranan partiya ölkəmizin gələcək inkişafında mühüm rol oynayıb: "Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşan Yeni Azərbaycan Partiyası dövlətimizin siyasi həyatında qlobal dəyişikliklərə imza atıb. Nəticədə, xalqın bu siyasi tribunaya inamı respublikamızı yeni inkişaf mərhələsinə gətirib çıxarıb. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən İlham Əliyevin rəhbərliyi ilə, partiya müstəqilliyimizin qorunub saxlanılması və inkişafında, həmçinin dünya dövlətləri arasında söz sahibi olması istiqamətində əmin addımlarla irəliləyir".
Millət vəkili Mübariz Qurbanlı isə bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın dəstəyi ilə nəinki Azərbaycanda, hətta cənubi Qafqazda belə söz sahibidir. Nəticə etibarilə Qafqazda gedən proseslər Yeni Azərbaycan Partiyası olmadan aparıla bilməz: "Böyük siyasi xadim Heydər Əliyev tərəfindən bu partiya yaradıldı. Sivil formada hakimiyyətə gələn partiya Ulu Öndərin daxili-xarici siyasəti nəticəsində daha da inkişaf edib və dövlətimizin gələcəyi istiqamətində bu gün də öz işini davam etdirir. Hazırda partiyada gənclərin sayı ildən-ilə artır. Bacarıqlı və savadlı gənc kadrlar irəli çəkilir".
Tədbirdə digər natiqlər də partiyanın bu gün dövlətimiz üçün əhəmiyyətinə toxunub. Xüsusilə qeyd olunub ki, Samuxda 4 mindən atıq şəxs Yeni Azərbaycan Partiyasının üzvüdür. Tədbirin sonunda isə bayram konserti təşkil edilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB