"Bunların işi-gücü yalnız şou göstərməkdir"

Elçin Mİrəzəbəyli: “Ölkəmiz öz problemlərini islahatlar yolu ilə həll etməkdə maraqlıdır”
"Bunların işi-gücü yalnız şou göstərməkdir"

"İctimai Palata son dövrlərdə bəzi mətbuat orqanlarında yayılan məlumatlardan ruhlanaraq və ictimai rəyin onların xeyrinə dəyişdiyini zənn edərək etiraz aksiyası keçirməyə cəhd göstərib. Amma bu, nəticədə gözlənildiyi kimi uğursuz oldu". Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli söyləyib.

Onun sözlərinə görə, əgər müxalifətçilərin məqsədi həqiqətən də ciddi etiraz aksiyası keçirmək idisə, həmin insanlar normal şəkildə onlar üçün ayrılmış yerlərdə bunu reallaşdıra bilərdilər: "Çünki sərbəst toplaşmaq haqqında qanun hər kəsə belə bir hüququ verir. Lakin buna baxmayaraq, müxalifət tərəfindən hər zaman olduğu kimi, fərqli bir pozisiya seçildi. Əsas məqsəd isə onların elektatının (sayının) az olduğunu gizlətmək idi. Onlar həmin aksiya zamanı şəkillər, video-lentlər çəkərək, bu sifarişi verənlərə nümayiş etdirmək istəyirdilər ki, şəhərin ən gur yerində bu aksiyanı reallaşdırıblar. Şübhəsiz ki, onların aksiyasına bir neçə nəfərdən artıq qoşulan olmadı. Bu sayın kifayət qədər az olduğu hər kəsə məlumdur. Bununla yanaşı, daha aydın oldu ki, Azərbaycanda radikal əhval ruhiyyəli insanlar Azərbaycan cəmiyyətində yetərincə dəstəklənmir. Ölkəmiz öz problemlərini islahatlar yolu ilə həll etməkdə maraqlıdır".

Onların həmin aksiya zamanı "parlamentin buraxılması" şüarına gəlincə, siyasi şərhçi dedi ki, artıq Gülər Əhmədova ilə bağlı cinayət işi açılıb: "Cinayət işi tamamlanmamış bu barədə heç bir fikir söyləmək olmaz. Əgər müqayisə olunarsa, bu günədək müxalifət partiyalarının hər birində saysız-hesabsız qanun, nizamnamə pozuntuları olub. Bu partiyalarda təmsil olunan səxslər ayrı-ayrı dövrlərdə həmin hadisələrin bilavasitə iştirakçıları olublar. Bu hadisələr zamanı əhaliyə külli miqdarda ziyan dəyib. İctimai Palatanın ölkə ictimaiyyətinə təsir imkanları sıfıra bərabərdir. Bunların işi-gücü yalnız şəhərin mərkəzinə çıxaraq şou göstərməkdir ".

Bütün xəbərlər Facebook səhifəmizdə