İctimai Palata anormal düşüncə tərzinə malikdir

Vüqar Rəhimzadə: “Xalq, iqtidar birliyi bütün insanların gözü qarşısında birdir, əbədidir və sarsılmazdır ”
İctimai Palata anormal düşüncə tərzinə malikdir

"Ümumiyyətlə, dağıdıcı radikal müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Bunu SİA-ya "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Baş redaktorun sözlərinə görə, sözügedən aksiya radikal müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: "Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində və dövlətində bu cür qanunsuz, icazəsiz mitinq keçirməyə icazə verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Həmin insanlar müvafiq qaydada Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməli idilər. Belə olan təqdirdə sual ortaya çıxır. Bəs nəyə görə, bu insanlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilməyəcəkdilər. Onlar düşünmədən insanların istirahət hüquqlarını, şəhərdə asayişi birmənalı şəkildə pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı alınmalıdır".

V. Rəhimzadə bildirdi ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: "Onların bir illik hakimiyyətləri dövründə yəni 1990-ci illərin əvvəllərində Azərbaycan ictimaiyyətinin, cəmiyyətinin, xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları aclıqla imtahana çəkirdilər. Eləcə də həmin insanlar döyülürdü, söyülürdü. Bu gün də İsa Qəmbərin, Əli Kərimlinin kim olduğunu hər kəs çox aydın şəkildə dərk edir. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız bir şou düzəltməklə məşğul olurlar. Onları görərkən sadəcə gülməli lətifələr yada düşür və dedikləri hər bir söz əbəs yerə səslənir. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi bütün insanların gözü önündədir. Bu birlik mənasız cəhdlərlə sarsıla bilməz".

"İki Sahil" qəzetinin baş redaktorunun fikrincə, bu insanların təfəkkürü anormaldır: "Parlamentin buraxılması heç bir qanunla təsbit olunmur. Bu gün Azərbaycan parlamenti uğurla fəaliyyət göstərir və lazımi qanunvericilik bazasının formalaşmasına öz töhfəsini verir".

Bütün xəbərlər Facebook səhifəmizdə