"Müxalifət icazə alıb, aksiya keçirsə..."

Bəxtiyar Sadıqov: “O zaman bu qanunun qəbul edilməsindən niyə qorxurlar ki?”
"Müxalifət icazə alıb, aksiya keçirsə..."

Yaxın vaxtlarda Milli Məclisdə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən icazəsiz tədbirlər, aksiyalar keçirənlər böyük məbləğdə cərimələnəcəklər. Təəccüblü məqam ondan ibarətdir ki, müzakirəsi nəzərdə tutulan qanun layihəsi indidən müxalifətin kürkünə birə salıb. Bu da onunla bağlıdır ki, onların icazəsiz aksiyalar keçirmək istəkləri müəyyən qədər problemə çevrilək.

Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, hər gün televiziya vasitəsilə dünyanın müxtəlif yerlərində aksiyaların keçirilməsinin şahidi oluruq: "Lakin o yerlərdəki aksiyalar qanunsuz və icazəsiz keçirilir, o halda həmin dövlətdə buna qarşı qanunun tələblərinə uyğun çox ciddi tədbirlər görülür. Icazəsiz aksiyaların qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınır. Aksiyanın kecirilməsinə icazə olmadığı halda kücələr cıxan istənilən siyasi partiya və ya ictima təşkilat üzvülərinə qarşı qanuni tədbirlərin görülməsi zəruriyyəti yaranır. Burda yenə qanunun tələbindən söhbət gedir. Azərbaycanda da kütləvi aksiyalar zamanı qanun pozuntuları ilə bağlı məsuliyyəti gücləndirmək vacibdir. Bu qanun polisin sərtliyini artırmağa yox, ən əsas qanunun aliliyinin qorunmasına və təminatına xidmət edəcək".

Müxalifətin qanunun qəbulundan narahatlıq kecirməsinə də münasibətini bildirən B.Sadıqov qeyd edib ki, indiyə qədər Azərbaycanda gedən hər bir uğurlu prosesin demokratiyanın inkişafı yolunda, mətbuatın azadlığı istiqamətində, ümumiyyətlə ölkənin tərəqqisi yolunda atılan bütün addımların müxalifət tərəfdən müsbət qarşılandığının şahidi olmamışam. Nə görməmişən, nə də eşitməmişəm: "Azərbaycan müxalifəti inkarçı müxalifətdi. İqtidarın görüdüyü hər işi, hər bir addımı qara boyalarla təsvir etməyə çalışır. Azərbaycan iqtidarı bu qanunu müxalifət üçün yox, cəmiyyət üçün qəbul edir. Müxalifət isə Azərbaycanda hər hansı bir beynəlxalq tədbir keçiriləndə, dünyanın bir çox ölkələrindən Azərbaycana qonaqlar gələndə şəhərin mərkəzində qanunsuz aksiyalar keçirməklə, guya Azərbaycanda demokratiya yoxdur, kütləvi tədbirlərin keçirilməsinə imkan verilmir kimi rəy yaratmağa çalışır. Bu da Azərbaycanın imicinə kölgə salmaq məqsədindən irəli gəlir. Ona görə də bu qanunun müzakirəyə çıxarılması və qəbul edilməsindən müxalifətin təşvişə düşməsi pozucu niyyətlərinin alt-üst ola biləcəyi narahatlığından irəli gəlir. Əgər müxalifət icazə alıb, aksiyalar keçirsələr, o zaman bu qanunun qəbul edilməsindən niyə qorxurlar ki? Ona görə də, mən müxalifəti bu qanundan qorxmağa yox, hörmət etməyə çağırıram".

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə