Əli Babayev: “Mənə də vəzifə təklif olunub”

“Yəqin ki, onlar öncəkilər kimi parlamentdə telefonla oynamayacaqlar”
Əli Babayev: “Mənə də vəzifə təklif olunub”

"Gürcüstan mənim vətənimdir" İB-nin sədri, "Gürcü arzusu" koalisiyasının Məsləhət Şurasının üzvü Əli Babayevin Səs TV-yə müsahibəsi:

- Əli müəllim, oktyabrın 1-də Gürcüstanda keçirilən parlament seçkiləri "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvilinin qələbəsi ilə nəticələndi. İlk öncə təmsil olunduğunuz "Gürcü arzusu" blokunun qələbəsi münasibətilə sizi təbrik edirik. Seçkilər artıq başa çatıb, seçkiləri və ölkədəki vəziyyəti necə dəyərləndirirsiniz?

- Əlbəttə, Gürcüstanda demokratik proseslər gedir. Dünyanın da diqqəti ölkədə keçirilən seçkilərə yönəlmişdi. Xalq artıq 9 ildir ki, Saakaşvili rejiminin apardığı siyasətdən təngə gəlmişdi. Saakaşvili məğlubiyyətə dirənsə də xalqın narazılığı, son qərarı mövcud vəziyyətə gətirib çıxardı və bir il bundan öncə siyasətə gələn Bidzina İvanişvili qələbə qazandı. Doğrudur, bu qələbə elə də asanlıqla qazanılmadı. Bir il ərzində biz böyük çətinliklər gördük, təzyiqlərə məruz qaldıq. Bizim 100-ə yaxın tərəfdaşımız həbs olundu. Həbsxanada siyasi fikirlərinə görə onlarla partiyadaşımız saxlanılırdı. Şəxsən məni, ailəmi, yaxın ətrafımı təqib edirdilər, psixoloji təzyiqlər göstərirdilər. Ancaq biz qarşımıza məqsəd qoymuşduq ki, Gürcüstanda demokratik dövlət, cəmiyyət qurulmalıdır. Media, güc strukturları, təhsil, səhiyyə sahəsində çalışan, ümumiyyətlə dövlət işində çalışan bütün məmurlar belə siyasətə qarışmışdılar. Ancaq Saakaşvili rejimi öz məğlubiyyətini qəbul etdi.

- Bəs, məğlubiyyətin əsas səbəbləri hansılar idi?

- Saakaşvili rejiminə xaricdən dəstək göstərilsə də, onun etdiyi haqsızlıqlara göz yumulsa da xalq bunu artıq görürdü. Əsas səbəblərdən biri o idi ki, Saakaşvilinin demokratiyası sadəcə sözdə idi və beynəlxalq ictimaiyyətin gözündən "pərdə asmaq" məqsədi daşıyırdı. Halbuki ölkə daxilində demokratiyadan belə söhbət gedə bilməz. Həbsxanalarda olan 25 min insan arasında günahsızların sayı kifayət qədərdir. Bundan başqa insanların sosial vəziyyəti günü-gündən pisləşirdi. Prezident və onun komandası isə xaricə elan edirdi ki, Gürcüstan regionda və dünyada inkişaf etmiş ölkələr içərisindədir. Ancaq deyilənlər reallığı əks etdirmirdi. Rejim özü-özünü nə qədər reklam etsə də, həqiqət göz qabağında idi. Digər bir səbəb ondan ibarət idi ki, həbsxanalarda vəziyyət dözülməz həddə çatmışdı. Sosial şəbəkələrdə, qəzetlərdə, eləcə də elektron KİV-də yayılan video görüntülərdə oradakı insanlara qarşı edilən işgəncələr artıq rejimə inananlarda da bir inamsızlıq yaratdı. Bir çox dövlət idarəsində çalışan insanlar iqtidar partiyasından çıxdılar. Onu da qeyd edim ki, seçkidən öncə xalq arasında genişmiqyaslı maarifləndirmə tədbirləri keçirildi və öz səsvermə hüququndan azad şəkildə istifadə etmək təbliğ edildi. Amma buna baxmayaraq, Borçalı bölgəsində dövlət məmurları bir çox səsvermə məntəqələrində qanun pozuntularına yol verdilər. Marneuli, Qardebani və bir neçə rayonlarda da əhaliyə təzyiqlər göstərilib. Parlamentdə komissiya yaradılacaq və böyük ehtimalla adıçəkilən bölgələrdəki seçki məntəqələrində seçkinin nəticələri ləğv olunacaq. Ola bilər ki, yenidən bu ərazilərdə seçkilər keçirilsin.

- Seçkilərdə azərbaycanlılar daha çox kimə dəstək verib?

- Əvvəla mən həmişə istəmişəm ki, hər bir partiyada azərbaycanlılar təmsil olunsun. 10-a yaxın partiyada bizim soydaşlarımız təmsil olunur. Çoxluq Saakaşvilinin partiyasından olan, köklü məmurlar idi, hansı ki, uzun müddət müxtəlif vəzifələr tutmuşdular. Həmin insanlar yalnız öz maraqları üçün çalışıblar. İndi də onlar qələbə qazanan partiyaya girmək üçün yollar axtarırlar. Əlbəttə, mən bu cür insanların "Gürcü arzusu"nda olmasını istəmirəm. Çünki həmin adamları gürcülər də, azərbaycanlılar da yaxşı tanıyır. İqtidar partiyasından Azər Süleymanov artıq üçüncü dəfədir ki, ardıcıl olaraq deputat seçilir. Eyni zamanda 4 il qubernator vəzifəsində çalışıb. Amma ictimaiyyət arasında nüfuzu o qədər zəifdir ki, onun yerinə başqası seçilsəydi daha yaxşı olardı. "Gürcü arzusu" blokundan isə 2 azərbaycanlı, Əli Məmmədov və Mahir Dərziyev deputat seçilib. Bu insanlar ictimaiyyət arasında böyük hörmətə malikdirlər. Yəqin ki, onlar öncəkiləri kimi parlamentdə telefonla oynamayacaqlar, xalq, millət üçün xidmət edəcəklər.

- Parlamentdə 3 soydaşımız təmsil olunacaq. Bəs İvanişvili hökumətində azərbaycanlı təmsil olunacaqmı?

- Mən istərdim ki, bütün dövlət qurumlarında gənc, savadlı soydaşlarımız çalışsın. Biz İvanişvili ilə söhbətlərimiz zamanı qeyd etmişik ki, bir çox nazirliklərdə azərbaycanlılar da çalışmalıdır. Elə intellektli, istedadlı gənclər var ki, kölgədə qalıblar. Cənab İvanişvilinin özünün milli azlıqlarla bağlı layihəsi var. Onların təhsil alması, hüquqlarının qorunması, cəmiyyətə inteqrasiya edilməsi və bu kimi problemlərin həllində bu layihə böyük rol oynayacaq.

- Əli Babayevin İvanişvili hökumətində yüksək post tutma ehtimalı varmı?

- Əvvəla, mənim əsas vəzifəm xalqa xidmət etməkdir. Mən 20 ildən çoxdur ki, xalqım üçün mübarizə aparıram. Nə vaxt ki, xalqımın rifahı yaxşılaşacaq, problemləri azalacaq bu mənim üçün hər şeydir. Əlbəttə ki, mənə də vəzifə təklif olunub. Ola bilər, Nazirlər Kabineti aparatında nazir müavini vəzifəsi verilsin. Ümumiyyətlə, mən istərdim ki, hər bir nazirlikdə Gürcüstan azərbaycanlıları təmsil olunsun.

- İvanişvili hökumətinin Azərbaycanla münasibətində hansısa dəyişikliklər ola bilərmi?

- İvanişvilinin ilk işi də məhz qonşu dövlətlərlə daha isti münasibətlər yaratmaqdır. İlk öncə Rusiya ilə iqtisadi-siyasi problemləri həll etməkdir. İvanişvili öz çıxışında da vurğuladı ki, Azərbaycan bizim üçün qardaş ölkədir və münasibətlərimiz bundan da yaxşı olacaq. Bilirsiniz ki, Azərbaycanın 200-dən artıq şirkəti Gürcüstanda fəaliyyət göstərir. Saakaşvili hökuməti bu şirkətlərə hər zaman təzyiqlər göstərib, böyük məbləğlərdə cərimələr olunub. Bundan sonrakı dönəmlərdə isə onların fəaliyyəti üçün münbit şərait yaradılacaq. İnanırıq ki, Azərbaycanın Gürcüstanda yaşayan soydaşlarımıza etdiyi yardım bundan sonra da davam edəcək. Bizim Azərbaycan xalqına, onun prezidentinə böyük ümidlərimiz var.

Bütün xəbərlər Facebook səhifəmizdə