“BMT-nin mövqeyi müharibəyə aparır”

“BMT-nin mövqeyi müharibəyə aparır”

"Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının binasında, BMT-nin Baş katibi Pan Gi Munla Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvlərinin görüşü keçirilib". SİA-nın məlumatına görə, bu barədə yap.org.az saytına həmin görüşdə iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.

A.Hacıyevin sözlərinə görə, görüşdə BMT-nin Baş katibi Pan Gi Mun təşkilatın fəaliyyəti və gələcək planları haqda məlumat verib. Eyni zamanda, İCAPP-ın fəaliyyəti, quruma BMT-də müşahidəçi statusunun verilməsi məsələsi və bu istiqamətdə görülməli işlər müzakirə olunub. Pan Gi Mun qeyd edib ki, bu istiqamətdə İCAPP-a daxil olan ölkələr hökumət səviyyəsində bu məsələyə dəstəyi gücləndirməlidirlər. Eyni zamanda, baş katib Suriyada yaranmış vəziyyət, hazırda dünyada baş verən ekstremizm halları haqda BMT-nin narahatlığını bildirib.

Görüş zamanı A.Hacıyev Pan Gi Muna sualla müraciət edib. O, 1993-cü ildə dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul etdiyi 4 qətnaməsini xatırladıb və qeyd edib ki, həmin sənədlərin bu günə qədər kağız üzərində qalması Azərbaycan xalqını narahat edir və bölgədə vəziyyəti gərginləşdirərək yeni müharibənin başlanma riskini artırır. Eyni zamanda, YAP-ın nümayəndəsi baş katibə müraciət edərək deyib ki, BMT-nin qəbul etdiyi qərarların həyata keçirilməsi üçün yeni mexazmin yaradılması artıq zamanın tələbidir.

Suala cavab olaraq, Pan Gi Mun Dağlıq Qarabağ probleminə toxunaraq ATƏT-in Minsk qrupunun fəaliyyətini qeyd edib və etiraf edib ki, bu məsələdə BMT öz fəaliyyətini daha da gücləndirməlidir.

Görüşdə iştrak edən İCAPP-ın qurucularından biri və hal-hazırda onun həmsədri olan Xose de Venezia Azərbaycanın haqlı olduğunu ifadə edərək, Dağlıq Qarabağ məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.

Qeyd edək ki, görüşdə həmçinin, İCAPP-ın digər həmsədri Eu Yong Çunq, təşkilatın xüsusi məruzəçisi Müşahid Hüseyn Səyid (Pakistan) və İCAPP DK-nin üzvləri Şarma Oli (Nepal), Theo Sambuaga (İndoneziya) və Suos Yara (Kamboca) iştirak ediblər. İCAPP-a Asiyanın 330 siyasi partiyası və bu qurumu idarə edən Daimi Komitəyə 18 siyasi partiyanın nümayəndələri və iki həmsədri daxildir. Yeni Azərbaycan Partiyası təşkilatın Daimi Komitəsinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə