BP 8 milyard dollarlıq borcunu ödəməlidir Zahid Oruc

Bütün təfriqələr ona görədir ki, bizim inkişafımıza limit qoyulsun və Ermənistanla Gürcüstanı gətirib bizim səviyyəyə çatdırsınlar
BP 8 milyard dollarlıq borcunu ödəməlidir Zahid Oruc

Azərbaycana 8 milyard dollar ziyan vurulub. Bunun əvəzində BP-nin başında dayandığı konsorsium 45 milyard dollardan artıq gəlir götürüb. SİA-nın məlumatına görə, bunu Millət vəkili Zahid Orucov BP şirkəti ilə bağlı məsələni şərh edərkən belə deyib.

Onun sözlərinə görə, əgər qoyulmuş investisiyanın 28 milyard dollar olduğu nəzərə alınarsa Azərbaycan kimi bir ölkənin xarici qurumlar üçün nə qədər faydalı və etibarlı tərəfdaş olduğunu görməmək mümkün deyil: "Dövlət rəhbəri bu məsələni ictimailəşdirməklə sübuta yetirdi ki, o vətəndaş maraqlarının müdafiəsində gözəştsiz bir mövqe sahibidir. Dünya miqyasında qiqant şirkətlər sayılan və çox böyük dövlətlərin və onların rəhbərlərinin maraqlarının müdafiəçisi olan belə korporasiyalara qarşı prinsipial etiraz bildirilirsə bu o deməkdir ki, ölkəmiz 90-cı illərin ortasındakı gücsüz durumundan çıxıb. Əlbəttə, neft strategiyası bizim maraqlara tam cavab verib və regionun siyasi-iqtisadi xəritəsini dəyişib. Ulu Öndər bu müqavilələrə gedərkən çox yaxşı bilirdi ki, Qarabağ savaşının mayasında dayanan mühüm səbəblərdən biri də Xəzər nefti uğrunda savaşdır. Buna sübut olaraq keçmişdə neft uğrunda gedən dünya müharibələrini misal göstərmək yetərlidir.Tamamilə bəllidir ki, Xəzəri 2-ci Qarabağa çevirmək planları ortada idi və status davası 200 il ərzində resurslarımızı sümürən Rusiyanın və İranın təzyiq silahı idi. Onlar həzm edə bilməzdilər ki, bir postsovet ölkəsi iqtisadi sərvətləri üzərində müstəqil qərarlar versin və özünə alternativ meydan yaratsın. Rusiya bilirdi ki, söhbət heç də enerji təhlükəsizliyindən və Avropanı özündən asılı etməkdən getmir. Böyük Heydər Əliyev əsl mənada siyasi müstəqillik təminatını yaradara, dövlətimizin təhlükəsizliyinə və müharibənin ağır mirasından xilas olmağa mühüm əsaslar formalaşdırdı. Nefti bizim üçün "atın ayağı özünə düşməndir" şəklində "lənətlənmiş resursa" çevirmək istəyirdilər. Onu qan və müharibələrin sinoniminə çevirənlər bizdə əks mənzərə ilə qarşılaşdılar. İndi müxalifətimizin belə seçki platformasında xalqa səxavətli olaraq vəd etdiyi 45 milyard dollar da bu dövr ərzində sovet iqtisadi sistemindən xilas olmağımız da məhz o zamankı addımların strateji düzgünlüyünü təsdiq edir. İndi kim bilmir ki, Miller dünyada Lavrovdan çox tanınır. Çünki Rusiyanın xarici siyasət silahı və əsas nüfuz savaşı XİN vasitəsilə deyil "Qazprom"un hesabınadır".

Z.Oruc məhz belə olan təqdirdə bildirib ki, Azərbaycan büdcəsinə vurulmuş 8 milyard dollarlıq ziyan BP tərəfindən ödənilməlidir: "Onlar düşünüblər ki, hasilatın pay bölgüsünə uyğun artıq faydalarını götürüblər və indiki 75:25 nisbətində Azərbaycan daha çox varlanacaq. Bizim iqtisadi imkanlarımızın güclənməsi BP-nin hansı siyasətinə uyğun olmayıb və ya bu Qərb yanaşmasıdırmı, bütün bunların konfidensial tərəfləri dövlət başçımıza bəllidir. Görünür, Cənubi Qafqazda əsas diqtə edən tərəfə çevrilməklə biz Qarabağ məsələsində daha güzəştsiz xətt yürüdəcəyimiz ehtimalı bizə 8 milyardlıq ziyana başa gəlib. Lakin o vəsaitlər bu millətin sosial-iqtisadi həyatına xərclənəcəkdi. Deməli, güclü xalq nəzəriyyəsini təbliğ edən Qərb hesablayır ki, 2020-ci ildə Azərbaycanın büdcəsi 100 milyard manat elə o qədər də valyuta rezervi ola bilər ki, bu da Cənubi Qafqazın yerdə qalan 2 ölkəsindən bir yerdə indiki 10 dəfəlik fərqi 50 dəfəlik fərqlə əvəzləyə bilər. Bax, Qafqaza vahid yanaşma buna deyərlər. Bütün təfriqələr ona görədir ki, bizim inkişafımıza limit qoyulsun və Ermənistanla Gürcüstanı gətirib bizim səviyyəyə çatdırsınlar. Bu fonda məni ən çox düşündürən odur ki, vətəndaşın Prezidentin bu çağırışına verdiyi dəstək fonunda müxtəlif partiyalar onu Azərbaycan hakimiyyəti ilə Qərbin savaşı layihəsinə çevirib yaxşı mübarizə meydanı əldə etməyə çalışacaqlarmı? Yəni transmilli kompaniyalara mesaj veriləcəkmi ki, bizimlə əməkdaşlıq fonunda iqtidara gəlsək, o öhdəliklərdən sizi azad edərik. Axı ortada bolşeviklərin ötən yüzillikdə getdiyi sövdələşmədən tutmuş minlərlə nümunə vardır. Bu xalq maraqları əleyhinə qurulmuş ssenariyə elə həmin kompaniyalar da hər zaman cəhd göstəriblər. Yəqin indi Avropanın tirajlı mediasında bizi demokratiya və insan haqları üzrə test etmək hərakatı başlasa bilin ki, bir neçə milyonu o muzdlu mediahodinqlərə və kəşfiyyat qəzetlərinə xərcləməklə milyardlıq öhdəliklərdən yayınmaq da bir beynəlxalq mütəşəkkil cinayətkarlıq və istismarçılıq layihələridir".

Millət vəkili Bakıda keçirilmiş "Avroviziya" mahnı müsabiqəsi zamanı baş vermiş hadisələrə də toxundu: "Avroviziya" öncəsi bizi alman mətbuatının çarxına verənlərdən indi soruşuram: bizi niyə unudublar? Bu "zəif bənd" oyunu vaxtilə Hindistan üzərində qurulmuşdu və sonu sizə bəllidir. Hər halda bizim ölkəmizdə milliləşdirmə çağırışı ilə meydanlara çıxıb xarici kompaniyaları qovmağı bir kimsə tələb etmir. Söhbət xarici iqisadi kurs dəyişikliyindən də getmir. Biz Rusiyanın timsalında Qərblə əlaqələrimizə yenidən baxmağı heç bir halda faydalı saymırıq. Yetər ki, beynəlxalq hüquqi qüvvəyə minmiş müqavilə öhdəlikləri yerinə yetirilsin və Azərbaycan xalqına 8 milyard dollarlıq borcu ödənilsin. BP düz elə bu qədər rəqəmi hər il İngiltərə büdcəsinə ödəyir. Qoy indi demokrat olub ingilislər kimi yaşamaq istəyən azərbaycanlıların da qanuni haqqını özlərinə qaytarsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə