“Qarabağın Azərbaycana qaytarılmasına az qalıb” MÖVQE

“Qarabağın Azərbaycana qaytarılmasına az qalıb” MÖVQE

"Serj Sarkisyan beynəlxalq aləmdə nüfuzunu itirən, hörməti olmayan, imkanları aşağı düşən, iqtisadi cəhətdən zəifləyən Ermənistan kimi ölkəyə rəhbərlik edir. Azərbaycan prezidenti İlham Əliyev isə getdikcə güclənən, beynəlxalq aləmdə nüfuzu artan, imkanları genişlənən, regionda və dünyada sülh sahibi olan bir dövlətin başçısıdır". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu son günlər Ermənistan prezidenti Serj Sarkisyanın səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib. M.Əhmədoğlunun sözlərinə görə, Ermənistanın başında duran prezident ancaq yalançı ittihamlar səsləndirməklə məşğuldur və elə bilir ki, bu onun faydasınadır: "Amma mən fikirləşirəm ki, bunlar ancaq boş fikirlərdir. Fevral ayında nəzərdə tutulan prezident seçkilərinin də baş tutacağına inanmıram. Bu seçki ilə də Ermənistanda nəinki Serj Sarkisyanın prezidentliyinə, həmçinin Qarabağ planına nöqtə qoyulacaq".

Politoloq hesab edir ki, Qarabağın Azərbaycana qaytarılmasına tarixi baxımından elə də böyük zaman qalmayıb. Bunu artıq Ermənistanın da bildiyini deyən M.Əhmədoğlu əlavə edib ki, bugün sadəcə böyük güclər Qarabağı Azərbaycana geri qaytarmaq istəmirlər. Ona görə də, Ermənistan prezidentinin səsləndirdiyi sözləri düzgün hesab etmək olmaz, çünki onların hamısı yalan və böhtandır.

"Azərbaycan prezidenti ölkənin keçmiş tarixində böyük rol oynayan bir nəslin nümayəndəsidir və gələcəkdə də çox böyük işlər görməyə qadirdir. Bu gün Azərbaycanda keçirilən bütün işlərdə əsas məqsəd ölkəni dünyada sülh sahibi olan dövlət kimi tanıtmaqdan ibarətdir. Bakıda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinin də məqsədi Azərbaycanın dünyaya çıxış ideyasını tapmaq və bunu formalaşdırmaqdan ibarətdir. Əminəm ki, yaxın illərdə keçiriləcək digər beynəlxalq tədbirlərdə bu ideya daha da cilalanacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə