Berman və Şerman bir məqsəd üçün çalışırlar

Novruz Məmmədov: “Ermənilərin səsini itirməmək üçün cənab Şerman ABŞ xarici siyasət kursuna və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanat verir”

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "Newtimes.az" portalına eksklüziv müsahibəsi

– Novruz müəllim, düz 3 gün əvvəl ABŞ Konqresinin üzvü cənab Hovard Bermanın Azərbaycanla bağlı bəyanatına münasibət bildirdiniz. Bu haqlı, ədalətli mövqeyiniz hər yerdə diqqət çəkdi. Bundan sonra digər bir konqresmen – Brəd Şerman Dağlıq Qarabağda ermənilərin istifadəyə verməyə hazırlaşdığı aeroportla bağlı ABŞ-ı Azərbaycan hökumətinə təzyiq göstərməyə çağırıb. Buna münasibətiniz necədir?

– Bilirsiniz, hər iki bəyanata münasibət bildirməmək də olardı. Lakin burada mənim üçün bir maraqlı və vacib məqam var ki, ictimaiyyətin diqqətini ona cəlb etmək istərdim. Hər iki konqresmen – həm cənab Berman, həm də cənab Şerman bu günlərdə bir məqsəd üçün çalışırlar. Onlar bir neçə həftədən sonra Konqresə seçkilərdə iştirak etməlidirlər.

Məsələ burasındadır ki, bu iki şəxs üçün Konqresdə bir yer var, yəni onlar bir-birinə rəqibdirlər. Bu iki şəxs Kaliforniya ştatından, Los-Ancelesdən Konqres üzvü seçilməlidirlər. Bu ştatda isə ermənilərin çoxluq təşkil etdiyini, erməni diasporunun güclü mövqeyini nəzərə alsaq, onda hər şey aydın olur. Yəni hər iki konqresmen – həm cənab Berman, həm də cənab Şerman bu bəyanatları ermənilərin xoşuna gəlmək, onların səsini qazanmaq üçün verirlər. Yaxşı ki, seçkilərdən sonra Konqresdə bu iki namizəddən biri qalacaq.

Bu bəyanatların mahiyyətinin beynəlxalq hüquq və ABŞ-ın xarici siyasəti ilə üst-üstə düşüb-düşməməsi onlar üçün vacib deyil. Elə buna görə də cənab Şerman da cənab Berman kimi ABŞ xarici siyasəti və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanat verir. Yəni o, başa düşmək belə istəmir ki, separatizmə dəstək verməklə sülh və rifahı təmin etmək olmaz.

Şerman nəzərə almaq belə istəmir ki, ABŞ sülhyaratma missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədridir, münaqişənin ədalətli həlli üçün çalışır, eyni zamanda, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər həm cənab Berman, həm də cənab Şerman Azərbaycanın regionda rolu, ABŞ və Avratlantik strukturlarla əməkdaşlığının xarakteri və mahiyyəti ilə bağlı ətraflı məlumata malik olsaydılar, bu əməkdaşlığın yalnız ABŞ və Azərbaycan üçün deyil, həmçinin dünyada gedən proseslər üçün nə dərəcədə əhəmiyyətli olduğunu başa düşsəydilər, o zaman ABŞ-ın maraqlarını öz şəxsi maraqlarına qurban verməzdilər. Təəssüf ki, ABŞ Konqresinin üzvləri tərəfindən belə addımların atılmasının tez-tez şahidi oluruq.

Bütün xəbərlər Facebook səhifəmizdə