"Müxalifət partiyasını təmsil etdiyim üçün çox təəssüflənirəm" MÜSAHİBƏ
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) mərkəzi şurasının üzvü Əli Orucovun "Səs"TV-yə müsahibəsi:
- Əli müəllim, iqtidar-müxalifət dialoqunun davam etdirilməsi ilə bağlı Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mövqeyinə İctimai Palatadan şərtlərlə münasibət bildirilməsi müxalifətin konstruktiv dialoqdan yayındırılması kimi qiymətləndirilə bilərmi?
- Təbii ki, bu gün Azərbaycan cəmiyyətini, gündəmini narahat edən mövzulardan biri dialoq məsələsidir. Dialoqa hər zaman ehtiyac var. Biz partiya olaraq hələ bir neçə il bundan qabaq dəfələrlə bəyan edib təşəbbüs göstərmişik ki, iqtidarla müxalifət müəyyən məsələlər ətrafında bir araya gəlməlidirlər. Təbii ki, indiki situasiyada cəmiyyətdə qarşıduran tərəflərin bir masa ətrafında oturması vacibdir. Bir müddət əvvəl 18 partiyanın Avropa Parlamentinin (AP) Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq imzalamış olduğu bəyanat da göstərdi ki, milli məsələlərdə istənilən addımı atmaq olar. Bununda başlıca məsuliyyəti iqtidarın üzərinə düşür. Çünki ölkənin taleyinə biləvasitə həmin qurum cavabdehdir. Təşəbbüs bir növ iqtidar hakimiyyətindən gəlməlidir və müxalifət isə bunu qiymətləndirməlidir. Rusiyanın özündə belə hakmiyyətdə olan prezidentlər müxalifət partiyalarını ətrafına yığaraq müəyyən bir fikir mübadiləsi aparır. Şərt deyil ki, həmin görüşdə hansısa bir nəticəyə gəlinsin. Əsas odur ki, bu dialoq üçün bir başlanğıc olsun və fikirlər dinlənilsin. Mən başqa partiyalar haqqında bir söz deyə bilmərəm, amma AMİP hər zaman belə bir tədbirlərin keçirilməsinə hazırdır. Biz hətta texniki məsələləri də öz üzərimizə götürmək barəsində fikirlər səsləndirmişik.
- Müxalifətin bir araya gələ bilməməsinə əsas səbəb kimi iddialı partiya sədrlərinin müxtəlif ad altında blok və qurma yaratmaları göstərilə bilərmi?
- Hər kəsə məlumdur ki, müxalifət partiyaları arasında da münasibət heç də ürəkaçan səviyyədə deyil. Müxalifət partiyasını təmsil etdiyim üçün çox təəssüflənirəm. Bunun müxtəlif səbəblərini qeyd etmək istərdim. Çox təəssüflər olsun ki, partiyaların böyük əksəriyyəti hələ də öz qrup, partiya maraqlarından çıxmayıblar. İkincisi, liderlərin öz ambisiyaları, şəxsi çıxarıları, sponsorları var. Həmçinin burada çeviklik belə yoxdur. Müasir dünyanın siyasi hərəkətlərinə münasibətdə müxalifət bəzi məqamlarda geri qalır. Biz elə zənn edirik ki, hakimiyyətə düşmənik. Müxalifətin bir qismi belə düşünür. Amma bu heç də belə deyil. Söhbət fikirlərin, baxışların, yanaşmaların fərqliliyindən gedirsə, burada düşmən mövqe olmamalıdır. Hər birimiz Azərbaycan vətəndaşıyıq və bu ölkə bizim vətənimizdir. Hər kəs də istəyir ki, ölkə günü-gündən çiçəklənsin və getdikcə inkişaf etsin. Hesab etmirəm ki, iqtidarda, müxalifətdə olan insanlar bunu istəməsin. Sadəcə olaraq münasibətlər fərqlidir. Hesab edirəm ki, bunlar zaman geçdikcə, insanların siyasi düşüncələri dəyişdikcə öz həllini tapacaq.
- 16 partiya bir araya gəlib birlik modeli ortaya qoysa da Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov AMİP-i tələskənlikdə, bu barədə mətbuata məlumat ötürməkdə günahlandırıb? Bununla bağlı nə deyə bilərsiniz?
- Bilirsiniz, bəhanə hər zaman var. İkincisi isə AMİP-in təmsil olunduğu demokratik qüvvələrin məşvərət məclisi nə bloklaşma nə də ittifaq deyil. Bu sadəcə olaraq müxalifət partiyalarının müəyyən məsələlər ətrafında birlikdə müzakirələr aparması üçün yaradılan bir qurumdur. Burada heç bir bloklaşma yoxdur. İstənilən partiya öz mövqeyini, atmaq istədiyi addımaları, siyasi kursunu sərbəst və açıq şəkildə ortaya qoya bilər. Çünki burada heç kəsin üzərində məsuliyyət, vəzifə qoyulmayıb ki, bu çərçivədən kənara çıxmaq olmaz. İkinsi isə AMİP mərkəzi şurasının qərarı var ki, heç bir bloklarda iştirak etməsin . Azərbaycan siyasi tarixində də dəfələrlə şahidi olunub ki, bloklar yaranır bu və ya digər səbəblərdən hədəfə çatmır və sonradan dağılır. Bununla belə bir-birlərini kəskin ittiham hədəfinə çevirirlər. Bu da cəmiyyətdə normal qarşılanmır. Buna görə də hesab edirik ki, bloklar, ittifaqlar yaranarkən bu ideoloji əsaslar üzərində olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB