Bahar Muradova: “Avropa Parlamenti insanların haqqını qaytarmalıdır"

Bahar Muradova: “Avropa Parlamenti insanların haqqını qaytarmalıdır"

"Bu gün Azərbaycanın ATƏT ölkələri ilə münasibətləri çox yüksək səviyyədə inkişaf edir və bu bizə də maraqlıdır". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin vitse spikeri, Azərbaycanın ATƏT PA da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən "Körpülərin salınması" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu münasibətlərdə Avropa dəyərlərinin Azərbaycana gətirilməsi və Azərbaycanın malik olduğu qədim ənənələrin Avropaya təqdim olunması mühüm rol oynayır: "Biz Avropa ilə birgə bir çox layihələrə imza atmışıq, xüsuilə də parlament sahəsində. Bunların arasında Azərbaycanın müəllifliyi ilə yaradılan Avronest PA ciddi faktordur".

B.Muradova həmçinin deyib ki, bütün bunlara baxmayaraq hələ də bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standart mövqeyindən əl çəkmirlər: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktorunun rəsmən qəbul olunması üçün BMT-nin 4 qətnaməsinin, o cümlədən ATƏT-in müvafiq sənədlərinin olmasına baxmayaraq hələ də bəzi təşkilatlar Ermənistanı işğalçı kimi tanımırlar. Körpülər heç vaxt birtərəfli salına bilməz, bu qarşılıqlı olmalıdır. Azərbaycan işğalla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarları qəbul edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Mən özüm də Azərbaycanda işğal olunmuş torpaqlardan köçkün həyatını yaşayan 1 milyondan biriyəm. Qaçqın və məcburi köçkünlərin deputatıyam. Düşünürəm ki, işğal faktoru aradan qalxmayınca hansısa qarşılıqlı müzakirələrdən bir nəticə olmayacaq. Bu gün 84 yaşlı anam tanrıdan möhlət yox, dünyasını dəyişən zaman öz doğma torpağında dəfn olunmasını istəyir. Mən ona necə izah edim ki, ermənilərə güzəştə getməliyik? O torpğına dönmək istəyir. Bu onun haqqıdır. Avropa Parlamenti insanların haqqını qaytarmalıdır".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə