Avropa parlamentarisi: "Azərbaycan böyük ambisiyalara malikdir"

Avropa parlamentarisi: "Azərbaycan böyük ambisiyalara malikdir"

"Azərbaycanla Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səylər göstərməlidir". SİA-nın xəbərinə görə, bu sözləri Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransında Sloveniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin üzvü İvo Vayql bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamenti və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və onun mövqeyini dəstəkləyir: "Lakin biz Azərbaycanın səsləndirdiyi narazılıqlara və beynəlxalq təşkilatlara edilən tənqidlərə qoşulur və düşünürük ki, ATƏT-in Minsk Qrupu məsələnin həlli ilə bağlı daha çox işlər görməlidir".

Eyni zamanda Vayql qeyd edib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı Avropa Parlamentindən də daha çox səy gözləyir və AP buna qarşılıq göstərməlidir: "Bunun üçün Azərbaycanla Avropa Parlamenti bir çox işlər görməlidir. Bizim də əsas mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyinə hörmət bəsləməli, Azərbaycanın suverenliyi bərpa olmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və onlara əlavə hüquqlar verilməlidir"-deyə, eks nazir sözlərinə əlavə edib.

Avropa parlamentarisi bildirib ki, bu gün Azərbaycan böyük ambisiyalara malikdir ki, bunun da sayəsində beynəlxalq arenada mühüm rol oynaya bilər.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə