Ramil Usubov səfiri qəbul edib

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Fransanın ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edib. DİN-dən SİA-ya verilən məlumata görə, qonağı salamlayan nazir yeni təyinat münasibəti ilə onu təbrik edib, ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Müstəqilliyin əldə olunmasından sonra keçilən çətin, eyni zamanda şərəfli yol, vətəndaş müharibəsi təhlükəsi ilə üzbəüz qalmış Azərbaycanın ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə inkişaf yoluna qədəm qoyması, onun rəhbərliyi altında bütün sahələrdə, o cümlədən hüquq-mühafizə sahəsində qazanılan uğurlar, demokratik prinsiplərə söykənən, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların qəbulu və onların tətbiqinin polisin gündəlik fəaliyyətində prioritet məsələlərdən olduğu diqqətə çatdırılıb.

Ramil Usubov qeyd edib ki, hüquq-mühafizə fəaliyyətinə dair yeni qanunvericiliyin işlənib hazırlanmasında Avropa Şurasının ekspertləri kimi Fransa Daxili İşlər Nazirliyinin nümayəndələri də yaxından iştirak ediblər.

Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı məlumat verib, ölkəmizdə təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərdən danışıb.

Ölkələrimiz arasında əlaqələrin böyük tarixə malik olduğunu, onların strateji xarakter daşıdığını, hər iki dövlətin istər ikitərfli formatda, istərsə də beynəlxalq arenada fəal şəkildə əməkdaşlıq etdiyini xatırladan Ramil Usubov fransız şirkətlərinin iqtisadiyyatımıza xeyli sərmayə yatırdığını, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Fransaya işgüzar səfərindən sonra dostluq və tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Paskal Mönye səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, təmsil etdiyi dövlətin regionda təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu nəzərə çatdırıb. Ölkəmizin Fransadakı səfirliyinin Xocalı soyqırımına həsr etdiyi tədbirdə iştirakını xatırladan səfir Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun heç kimin marağında olmadığını, onun dəyişilməsinin vacibliyini qeyd edib. Həmçinin fəaliyyəti dövründə bu problemin həlli və ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə