SAM ilk brifinqini keçirib

Bu gün SAM-ın ofisində səfirlik və media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib. SAM-dan SİA-ya verilən məlumata görə, Brifinqdə "Ermənistanda seçkiqabağı siyasi vəziyyət" haqqında çıxışında SAM-ın direktoru Fərhad Məmmədov: "Ermənistan Respublikaçılar Partiyasının parlament seçkilərində qələbəsindən sonra Serj Sarkisyanın favoritliyi nisbi xarakter daşıyır. Müxalifətin isə parçalanmış qüvvələri birləşdirə biləcək xarizmatik lideri yoxdur. Ermənistanın düşdüyü mürəkkəb iqtisadi vəziyyət, maliyyə çatışmazlığı, onun ətraf aləmdən təcrid olunması ölkə daxilində sosial gərginliyi artırır. Rəsmi İrəvanın bir sıra daxili və xarici siyasi məsələlərə münasibəti, o cümlədən Qoşulmama Hərəkatının Tehran sammitində, NATO-nun Çikaqo sammitində iştirakdan imtina haqqında qərarlar qəbul etməsi Ermənistanın müstəqillik elementlərini azaldır. Bununla yanaşı, onun Rusiya, ABŞ və Avropa arasında manevr qabiliyyətini də məhdudlaşdırıb. Digər tərəfdən, Azərbaycan Respublikasının fəal xarici siyasəti Ermənistana öz xarici siyasət kursunu yürütmək imkanlarını nəzərəçarpacaq dərəcədə zəiflədir. Azərbaycanın artan təzyiqləri Ermənistan rəhbərliyində özünə inamsızlıq hissini yaradır. Çünki, artıq onların beynəlxalq ictimaiyyətə nəsə təqdim etmək potensialı yoxdur. Prezident seçkiləri ərəfəsində yaranmış siyasi vəziyyət Ermənistan dövlətçiliyinin nə dərəcədə kövrək və müdafiəsiz olduğunu açıq şəkildə nümayiş etdirir. Bu baxımdan, 2013-cü ilin fevral ayınadək Ermənistanın bir sıra məsələlərdə daha sərt mövqe tutacağı gözlənilir. Belə ki, burada "xarici düşmən" amili ölkəyə nəzarəti əldə saxlamağa imkan verən yeganə element olaraq qalmaqdadır".

"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsinə dair iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdir əvəzi Vüsal Qasımlının rəyi belə olub: "Konsepsiya çərçivəsində dünyanın ilk 50 ən güclü iqtisadiyyatı sırasına yüksəlmək üçün Azərbaycanda sәmәrəli və rəqabətə davamlı, biliyə əsaslanan və ixracyönümlü, habelə ölkənin siyasi və strateji maraqlarını və əhalinin yüksək rifah səviyyəsini təmin edən güclü və davamlı iqtisadiyyatın formalaşması sürətlənəcək. İqtisadiyyatın strukturunun optimallaşdırılması, şaxələndirmə və dünya əmək bölgüsündə layiqli yerin tutulması üçün İKT, neft-kimya, turizm, alüminuim sənayesi, aqrar sahə kimi sektorlar daha da inkişaf etdiriləcək. Azərbaycanın tranzit, logistik və ticarət mərkəzinə çevrilməsi planlaşdırılır. Konsepsiya çərçivəsində Azərbaycanın Dünya Bankının adambaşına düşәn Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkəlәr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkəlәri qrupunda üst sıralara yüksəlməsi hədəflənir. Azərbaycanda orta təbəqənin güclənməsilə cəmiyyətin dayanıqlığının artırılması, insan kapitalının inkişafı, sosial infrastrukturun (səhiyyə, təhsil və s.) təkmilləşdirilməsi prosesi prioritet olaraq qalcaq, informasiya cəmiyyəti qurulacaq".

Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Məsiağa Məhəmmədi "İranda 2013-cü il prezident seçkiləri" haqqında danışaraq: "Ölkə Konstitusiyasına görə, bir nəfərin təkrar iki dəfədən artıq prezident seçilməsinə icazə verilmir. Bu mənada artıq iki dəfə bu postu tutmuş Mahmud Əhmədinejadı kimin əvəzləyəcəyi istər İran daxilində, istər beynəlxalq aləmdə maraq və müzakirə mövzusudur. Xeyli vaxt qalmasına baxmayaraq, seçkilərlə bağlı ehtirasların qızışmasına prezident Əhmədinejadın sentyabrın əvvəllərində İran televiziyasına müsahibəsi təkan verib. Həmin müsahibə Əhmədinejadın İranda "Putin ssenarisi" həyata keçimək, öz postunu aparatının rəhbəri və qohumu Rəhim Məşaiyə ötürmək niyyəti barədə rəy doğurmuş və əleyhdarlarının kəskin etirazına səbəb olmuşdur. Bu ilki parlament seçkilərində prezident tərəfdarlarını ağır məğlubiyyətə uğratmış mühafizəkarlar belə bir planın baş tutmasına imkan verməyəcəklərini bəyan etmişlər" deyə çıxışını yekunlaşdırıb.

"Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsi" ilə bağlı mövzu ilə xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Cavid Vəliyev çıxış edib: "Türkiyə-Ermənistan sərhədlərinin açılması və diplomatik əlaqələrin qurulması prosesini Türkiyə tərəfi "dövlətin erməni siyasətinin normallaşması" adlandırır. Normallaşma prosesi iki istiqamətdə gedir: Türkiyədə yaşayan ermənilərlə normallaşma və Ermənistanla normallaşma. Daxildə yaşayan ermənilərlə normallaşmaya Türkiyənin demokratikləşməsinin tərkib hissəsi kimi baxılır. Ermənistanla normallaşma siyasətinin səbəbləri bunlardır: Birincisi, Türkiyə diplomatiyası Ermənistanla sərhədlərin bağlı olmasının Türkiyənin Cənubi Qafqazda təsir sahəsini daraltdığı, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq yolu ilə bu sahənin genişlənəcəyi qənaətindədir. İkinci tərəfdən, Türkiyə Ermənistanla sərhədləri bağlamaqla, ermənilərin 1915-ci il hadisələri ilə bağlı təbliğatını haqlı çıxardığını düşünür.

Hazırda Ermənistanla normallaşma prosesi dövlət səviyyəsində dayansa da, QHT-lər vasitəsilə davam edir. Türkiyə vətəndaşı olan ermənilərə münasibətdə normallaşma da davam etməkdədir. Normallaşmanı dəstəkləyən tərəflər ABŞ, ABŞ-ın Türkiyədə himayə etdiyi qruplar, Türkiyədəki bəzi liberal dairələr, Türkiyənin Ermənistanla həmsərhəd rayonlarında yaşayan iş adamları, Türkiyəli ermənilər və Ermənistandır".

Brifinqlərin mütəmadi olaraq keçirilməsinin əsas məqsədi aktual hadisələrlə bağlı ekspert rəylərinin ictimaiyyətə çatdırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə