"Azərbaycanın uğurları İlham Əliyevin siyasətinin nəticəsidir"

Ayaz Mütəllibov: "Hər zaman Heydər Əliyevin xeyirxah münasibətini hiss etmişəm"
"Azərbaycanın uğurları İlham Əliyevin siyasətinin nəticəsidir"

Azərbaycanın eks-prezidentinin müsahibəsini təqdim edirik

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov hazırki Prezident İlham Əliyevin siyasətini uğurlu hesab edir. "Azərbaycanın fəaliyyətdə olan prezidentinin siyasətini uğurlu hesab edirəm. Ölkənin sosial-iqtisadi inkişafında, beynəlxalq arenada əldə edilən müvəffəqiyyətlər bunu deməyə əsas verir", - deyə A.Mütəllibov "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bildirib.

O həmçinin ölkədə eks-prezident satatusuna dair Konstitusiya qanununun qəbulunun vacibliyini qeyd edib: "Azərbaycanın eks-prezidentinin statusu haqqında Konstitusiya qanunun qəbulunu ölkənin demokratikləşməsində vacib amil kimi qiymətləndirirəm. Bu qanun bizi sivil ölkələr ilə bir sıraya daxil edib. Həmin qanun hazırki prezidentə və gələcəkdə bu vəzifəni tutanlara kimsədən ehtiyat etmədən daha cəsarətlə vəzifələrini icra etməyə, həyatın keşməkeşliyindən qorunmağa imkan yaradacaq".

Eks-prezident statusu əldə etdiyinə görə dövlət başçısına minnətdarlıq edən A.Mütəllibov: "Bu mənim həyatıma və ailəmin mənəvi durumuna əhəmiyyətli dərəcədə müsbət təsir göstərib".

Ümummilli lider Heydər Əliyev ilə münasibətlərinə toxunaraq o bildirib ki, hər zaman onun xeyirxah münasibətini hiss edib: "Onun Sovet Azərbaycanının rəhbəri postunda olduğu 13 il ərzində mənim adım 8 il respublika rəhbərinin kadr potensialını təşkil edən ali nomenklaturasına daxil edilib. Bu illər mənim karyera yüksəlişimin əsasını qoyub".

Eks-prezident bəzi halların onu qəzəbləndirdiyini vurğulayıb: "Gizlətmirəm, yenidənqurma dövrünün bəzi xadimlərinin keçmiş sovet ölkəsinin "durğunluq" illəri haqqında fikir söyləyərək insanların o zaman tənbəllik etmələri haqqında təsəvvür yaratmaq cəhdləri məni qəzəbləndirir. Bu zaman mən Heydər Əliyevin rəhbərliyi altında çalışdığımız illəri xatırlayıram. Bu illəri "durğunluq" kimi adlandırmaq düzgün deyil. Biz fədakarcasına çalışmışıq. Müstəqillik əldə etdikdən sonra respublikaya gərəkli olan bazis həmin illər ərzində formalalaşıb".

Müsahibənin tam mətni ilə www.interfax.ru və www.interfax.az saytlarında tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə