"Qaçqınları ayrıca saxlamaq lazımdır"

Davudoğlu Apaydın barədə danışdı
"Qaçqınları ayrıca saxlamaq lazımdır"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya üsyançılarına Türkiyə ərazisində təlimlərin keçirilməsi ilə bağlı məlumatları təkzib edib. Nazir "Hürriyyət" qəzetinə müsahibəsində bu barədə ətraflı söhbət açıb.

Qeyd edək ki, Türkiyə müxalifəti və hakimiyyətdəki bəzi dairələr bildiriblər ki, Suriya qaçqınları üçün nəzərdə tutulmuş, hazırda bu ölkənin də hərbçilərinin və onların ailə üzvlərinin məskunlaşdıqları Apaydın düşərgəsində hərbi təlimlər keçirilir. Xüsusən də bu düşərgəyə girişin qadağan edilməsi hamını narahat edir. Məsələyə münasibətini açıqlayan Ə.Davudoğlu vurğulayıb ki, düşərgə hamı üçün açıqdır. Davudoğlunun sözlərinə görə, onun özü hələlik Apaydında olmayıb: "Amma bu gün ora bir komissiya, sabah başqası gedirsə, biz təhlükəsizliyi necə təmin edəcəyik? Orada hərbçilər də yaşayır. Məhz təhlükəsizliyə görə onları ayrıca saxlamaq lazımdır".

Ə.Davudoğlu həmçinin bildirib ki, ötən il Apaydındakı bir şəxsi görüşdən sonra oradan hərbçi yoxa çıxmışdı və sonradan həmin şəxs ölü tapılmışdı. Orada hərbi təlimlərin təşkilinə gəldikdə isə, nazir bunun üçün sadəcə yerin olmadığını da önə çəkib. O, 80 min qaçqını saxlamağın çətinliyindən söhbət açıb. Davudoğlunun bildirdiyinə görə, qaçqınlardan bəziləri var ki, onlar vətənlərindəki hakimiyyətdən narazıdırlar və ailələrini orada qoyub döyüşməyə gedirlər. "Qaçqınların çox hissəsi isə uşaqlar və qocalardır. Onlar heç vaxt əllərində silah tutmayıblar. Bu adamlar bizim tərəfə keçəndə bizdən nə gözləyirdiniz?", -deyən XİN rəhbəri bu günlərdə BMT-nin insan haqları üzrə komissarı Antonio Qutyeresin və BMT-nin xoşməramlı səfiri, məşhur kino aktrisası Ancelina Colinin Suriya qaçqınlarının düşərgəsinə baş çəkməsinin Ankaranın razılığı əsasında baş verdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə