"Avropa Parlamentinin qərarı qeyri-obyektivdir"

"Avropa Parlamentinin qərarı qeyri-obyektivdir"

Əli Əhmədov: Avropa Parlamentinin Ramil Səfərovun məsələsi ilə bağlı qətnaməsi obyektiv deyil

Avropa Parlamentinin Ramil Səfərovun məsələsi ilə əlaqədar Azərbaycana aid qətnaməsi obyektiv deyil. SİA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində partiyanın sədr müavini-icra katibi Əli Əhmədov deyib.

"Əvvəla, Ramil Səfərovun Prezident İlham Əliyev tərəfindən əfv edilməsi müvafiq beynəlxalq konvensiyalara, habelə ölkə qanunvericiliyinə, bütünlüklə uyğundur. Azərbaycanın zabitinin dövlət başçısı tərəfindən əfv edilməsində hüquqi normaların pozulmasına yol verilməyib, əksinə bütün hüquq normaları daxilində hərəkət edilib", - Ə.Əhmədov bildirib.

O qeyd edib ki, humanizm və insanpərvərlik baxımından yanaşdıqda da Prezident İlham Əliyevin Ramil Səfərovu əfv etməsi hər hansı əxlaq normaları ilə ziddiyyət təşkil etmir. Ramil Səfərova heç bir hüquqi məntiqə sığmayan sərt cəzanın verilməsi, cəzasının 9 ilini çəkməsi kimi hallarda da mütləq nəzərə alınmalıdır.

"Mən Ramil Səfərovun işi ilə əlaqədar Avropa Parlamentinin Azərbaycanla bağlı qərarının qeyri-obyektiv və ədalətsiz olduğunu deyərkən, ilk növbədə bunları nəzərdə tuturam. Əlbəttə, dediklərim yeganə arqumentlər deyil. Ramil Səfərovun işinə, onun tam mahiyyətini başa düşmək üçün, necə deyərlər, kompleks halında yanaşılmalıdır. Avropa Parlamentinin məlum qətnaməsində məhz elə bu kompleks yanaşma çatmır", - YAP-ın sədr müavini deyib.

Ə.Əhmədov qeyd edib ki, Ramil Səfərovun işi Ermənistanın Azərbaycana təcavüzünü, 10 minlərlə insanın həlak olmasının, o cümlədən Ramil Səfərovun onlarla yaxın qohumlarının qatillərinin cəzasız qalmasının, 20 ildən çox Azərbaycan torpaqlarının işğal altında qalmasının, 1 milyondan çox insanın məcburi köçkün vəziyyətində yaşamasının birbaşa nəticəsidir.

"Təəssüf edirəm ki, Avropa strukturlarının çoxu kimi, Avropa Parlamenti də belə bir reallığa göz yummaqda davam edir. Avropa Parlamentinin yaşadığımız bölgədə gərginliyin artmasından narahatlıq keçirməsi özlüyündə təqdirəlayiq sayılmalıdır. Lakin onların narahatlıq keçirmələri səmimi olsaydı, 20 il ərzində münaqişənin aradan qaldırılması üçün təsirli addımlar atardılar", - Əhmədov bildirib.

O vurğulayıb ki, Azərbaycan cəmiyyətinin Ramil Səfərov məsələsinə münasibəti, kimin necə qiymətləndirməsindən asılı olmayaraq, erməni təcavüzü və onun ağır nəticələri güzgüsündə əks olunur.

"Nə qədər ki, beynəlxalq strukturlar, o cümlədən Avropa Parlamenti bu həqiqəti yetərincə dəyərləndirərək lazımi addımlar atmayıb, baş verən faciələrdə onların da günah payı olacaq. Avropa Parlamentinin dünən qəbul etdiyi birtərəfli, qeyri-obyektiv qətnaməyə də mən elə bu prizmadan yanaşıram. Təəssüf ki, həmin qətnamə Azərbaycanla Ermənistan arasında gərginliyin azalmasına deyil, daha da gərginləşməsinə xidmət göstərəcək", - YAP-ın sədr müavini deyib.

Qeyd edək ki, dünən Avropa Parlamenti azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması və Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə avropalı parlamentarilərin Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanmasına təəssüf hissi keçirdiyi vurğulanıb və bunun Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasına səbəb olacağından narahtlıq ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə