Səfir vidalaşdı YENİLƏNİB

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıçın səlahiyyət müddətinin bitməsi ilə əlaqədar vida mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Millət vəkilləri, ölkənin siyasi və ictimai xadimləri, həmçinin mətbuat qurumlarının rəhbərləri iştirak edib. SİA-nın verdiyi xəbərə görə, səfir H.Kılıç tədbiri giriş nitqi ilə açaraq bildirib ki, Azərbaycanda olduğu 4 il yarım müddətində Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq qurulmasında böyük səy göstərib.

O, qeyd edib ki, bu müddət ərzində hər iki dövlət arasında təhsil, elm, ticarət və iqtisadiyyat, hərbi və digər sahələrdə əlaqələrin yüksələn templə inkişaf etdirilməsinə çalışıb. Buna misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Əzurum və Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP layihələrini göstərmək olar. H Kılıç ticarət həcminin iki dəfə artdığını, yaxın müddət ərzində isə bunun 10 milyarda yaxın olacağını deyib. O həmçinin bildirib ki, 2011-ci ildə Azərbaycandan Türkiyəyə xeyli sayda turist gedib. Bu da onu göstərir ki, hər iki ölkə arasında əməkdaşlıq getdikcə inkişaf edir.

O, Azərbaycanı Türkiyənin əkiz qardaşı adlandıraraq hər il Xocalı soyqırımı ərəfəsində Türkiyənin Taksim meydanında minlərlə insanın həmin günü yad etdiyini qonaqların diqqətinə çatdırdı. Bildirildi ki, Azərbaycanla Türkiyə bayraqları daimi olaraq dalğalanacaq.

Daha sonra səfir sözlərini şair Nazim Hikmətin şeirləri ilə başa vurub.

Sonda isə İctimai televiziya və radio yayımları şirkətinin rəhbəri İsmayıl Ömərov, Millət vəkili Jalə Əliyeva və digər iştirakçılarçıxış edərək səfirə öz dərin minnətdarlıqlarını bildirib və ona qiymətli hədiyyələr təqdim ediblər.

Xatırladaq ki, səfir Hülusi Kılıç 2008-ci ildən ölkəmizdə Türkiyə Respublikasını təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə