Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət heyətlə görüşüblər. SİA-nın xəbərinə görə, görüşdə iştirak edən Milli Məclis sədrinin müavini, parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova qonaqları Azərbaycanın demokratik inkişafı, siyasi sistemi, beynəlxalq əlaqələri haqqında məlumatlandırıb.
Ölkə parlamentinin tarixi, tərkibi, qanunvericilik fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, Milli Məclisdə on bir siyasi partiya təmsil olunur. Bahr Muradova müstəqilliyimiz dövründə dövlətimizin bütün demokratik təşkilatlar, o cümlədən ATƏT ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Qurumla əlaqələrimizin bütün sahələrdə inkişaf etdiyi diqqətə çatdırılıb.
Sonra Milli Məclisdə təmsil olunan siyasi partiyaların təmsilçiləri çıxış edərək, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini söyləyiblər. İclasda iştirak edən Ümüd Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc bu problemin həlli ilə birbaşa məşğul olan ATƏT-in məsələyə ikili standartlardan yanaşmasından narahat olduqlarını bildiriblər.
Qeyd olunub ki, Azərbaycan torpaqlarını 20 ildən çoxdur işğal altında saxlayan Ermənistanın hələ də təcavüzkar adlandırılmaması, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının məlum qərar və qətnamələrinin hələ də kağız üzərində qalması çox böyük təəssüf doğurur.
İrlandiyadan olan səfir Eoin O’Leri görüşə görə minnətdarlıq bildirərək, fəaliyyət gösdərdiyi qurumun ölkəmizlə əlaqələrə önəm verdiyini vurğulayıb. Qonaq ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət bu heyətin artıq Ermənistanda da olmasını nəzərə çatdıraraq, səfərin məqsədinin Cənubi Qafqaz ölkələri ilə yaxından tanış olmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat toplamaq və problemin həlli yollarını müzakirə etmək olduğunu söyləyib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB