BMT qətnamə çıxardı

BMT-nin Baş Assmbleyası "insan təhlükəsizliyi" anlayışının kriteriyalarını rəsmi şəkildə müəyyənləşdirən qətnamə qəbul edib. Qurumun saytına istinadən xəbər verir ki, qətnamə insanın azadlıq və bərabərlik şəraitində həyati hüquqlarını təsdiqləyir, həmçinin yoxsulluqdan müdafiəsinin zəruriliyini açıqlayır. Konsensus əsasında qəbul edilmiş sənəd dövlətlərin bu prinsiplərin qorunması üçün "milli məsuliyyət"ini vurğulayır. Bu məsuliyyətin həyata keçirilməsi zamanı əlavə hər hansı hüquqi öhdəliklərin tətbiqindən uzaq durmanı mühüm sayır.

Baş Assambleyanın qətnaməsində bildirilir ki, özündə vətəndaşlıq, siyasi, iqtisadi, sosial və mədəni hüquqları ehtiva edən "insan təhlükəsizliyi" konsepsiyası BMT-yə üzv ölkələrə onlarda yaşayan xalqların mövcudluğuna və ləyaqətinin qorunmasına yönələn vasitələrin tapılması ilə əlaqədar iri miqyaslı problemlərin müəyyənləşdirilməsində və həllində kömək göstərilməsinə xidmət edir. İnsanların hüquqlarının və imkanlarının genişləndirilməsinə dair preventiv tədbirlərin görülməsini də nəzətdə tutur.

Sənəddə ölkələrə qarşı hər hansı güc tətbiqi yollarının nəzərdə tutulmadığı da əksini tapıb. Xüsusən vurğulanıb ki, "insan təhlükəsizliyi" termini dövlətlərin təhlükəsizliyinə xələl gətirmir, onların suverenlik prinsiplərini riskə atmır. "İnsan təhlükəsizliyi milli məsuliyyətə əsaslanır" fikrinin qabardıldığı konsepsiya dövlətləri və hökumətləri beynəlxalq, regional miqyaslı təşkilatlarla, habelə vətəndaş cəmiyyəti ilə əməkdaşlığa çağırır.

BMT həmçinin bildirir ki, "insan təhlükəsizliyi" anlayışının rəsmi sənədlərdə müəyyənləşdirilməsi təşəbbüsü qurumun dövlət başçılarının 2005-ci ildə Nyu-Yorkda baş tutan dünya sammitində qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə