"ASALA-nın bəyanatları sabun köpüyü kimi dağılıb gedəcək"

"ASALA-nın bəyanatları sabun köpüyü kimi dağılıb gedəcək"

"ASALA erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Vaxtilə Türkiyəyə qarşı yaradılmış bu terror təşkilatı xeyli zamandır fəaliyyət göstərmirdi. İndi ASALA hansısa qüvvələr tərəfindən yenidən dirildilib". SİA-nın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Millət vəkili bildirib ki, bəzi dairələr ASALA-nı regionda alətə çevirmək istəyirlər. Onun sözlərinə görə, amma bu gün dünya dəyişir, terrorun hamı üçün təhlükə olduğu dərk olunur: "Ona görə də, inanmıram ki, ASALA-nı dirildənlər onun vasitəsilə öz məqsədlərinə çata bilsin. Səfirliklərimizin təhlükəsizliyi qorunur, bu istiqamətdə dövlətimiz lazımi işlər görür. Azərbaycan ASALA-nın təhdidlərindən çəkinmir. Bu terror təşkilatını Ermənistan himayə edir. Ermənilər işğal olunmuş Dağlıq Qarabağ ərazisində də terror təşkilatları yaradıblar. Azərbaycan öz təhlükəsizliyini qorumağa qadirdir və yeri gələrsə, ASALA qat-qat güclü cavabını alacaq".

M.Qurbanlı qeyd edib ki, "Evrovision-2012" mahnı müsabiqəsi ərəfəsində də terror cəhdi var idi. Amma ölkəmizin təhlükəsizlik orqanları bu cəhdlərin qarşısını lazımi səviyyədə aldılar: "ASALA-nın bəyanatları sabun köpüyü kimi dağılıb gedəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə