"Ümumiyyətlə Ramil Səfərovun əvfindən sonra Ermənistanda implusif davranışlar özünü göstərir". Bunu SİA-ya açıqlamasında telejurnalist Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, bütün hallarda ciddi dövlət strukturları, dövlət xadimləri belə situasiyalarda çox soyuqqanlı olmalıdır: "Niyə bunlar baş verir? Ermənistan üçün burda gözlənilməz məqamlar nədən ibarətdir? Ramil Səfərovun Azərbaycana gətirilməsi Azərbaycan diplomatiyasının uğurudur. Aydındır ki, bu bir gün ərzində baş verməyib, uzun müddətdir bununla bağlı iş aparılır. Bu Ermənistan üçün gözlənilməz oldu və belə addım atmaları erməni xarakterinə uyğundur. Ermənilərin son 10-15 il ərzində nəzərdə tutduqları məqsədlərin heç biri gerçəkləşməyib. Bu, siyasi qıcıq yaradır. Azərbaycanın iqtisadi gücünün artması Ermənistan üçün arzuolunmaz bir situasiya yaradır. Amma terror daha ciddi bir məsələdir. Biri var siyasi rəqabət, biri də var məqsədlərin terror vasitəsilə həyata keçirilməsi. İndiki situasiya özünü bəyan edir ki, Ermənistan qoyduğu məqsədə terror vasitəsilə nail olmaq istəyir".
Q.Məhərrəmli bildirdi ki, 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrora qarşı münasibət tamam dəyişib: "İndi Amerika (ABŞ) da başda olmaqla terrora qarşı böyük bir koalisiya yaranıb və Azərbaycan da bu koalisiyanın üzvüdür. Düşünmürəm ki, bu kütləvi bir terror hadisəsi olacaq. Mən hesab etmirəm ki, ASALA 20-30 il bundan qabaqkı kimi güclüdür. Onun bazaları artıq dağıdılır və Suriyada, Livanda ona qarşı münasibət dəyişilib. Dünyada terrora qarşı mübarizə gedən bir vaxtda ASALA məqsədinə nail ola bilməyəcək. Qarabağ problemi ilə bağlı Ermənistanın möveyi dəyişməlidir. Dünyanın elə bir dövrüdür ki, zor, hədə-qorxu üzərində siyasət qurmaq olmaz. Ermənistanın yolu yalnışdır. ASALA-nın atdığı addımlar dünyanın qəbul etdiyi hüquq normalarında ziddir. Ermənistanın daxilində olan gərginliklərin hamısı siyasətdən qaynaqlanır. Bütün bunlara baxmayaraq terrora qarşı ehtiyyat tədbirləri görülməlidir".
Telejurnalist bu kimi məsələlərin ölkə və dünya mətbuatında hansı formada işıqlandırılmasını belə xarakterizə etdi: "Bu məsələ Azərbaycan mətbuatında kifayət qədər işıqlandırılır, amma bu da azdır. Politoloji bilik daşıyıcılarımız bununla bağlı şərhlərlə çıxış etməlidir. Azərbaycanın dostlarına da bu haqda məlumat verilməlidir. Təbii ki, terrordan birgə qorunmaq sistemi olmalıdır. Ermənistan onun siyasəti, siyasi xadimləri, hətta ASALA təşkilatının özü də, Ermənistanın yeritdiyi siyasətin qurbanıdır. Eləcə də Ramil Səfərovun qətlə yetirdiyi zabit də bu hadisələrin qurbanıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB