"Azadlıq"ın yalanı ayaq tutdu, amma yerimədi

"Azadlıq"ın yalanı ayaq tutdu, amma yerimədi

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı yazılanları təkzib etdi

Bəzi müxalifət qəzetləri, o cümlədən "Azadlıq" qəzeti öz ənənələrinə sadiq qalaraq ucuz və hec bir əsası olmayan sensasiya yaymaqda davam etməkdədirlər. Belə ki, son vaxtlar Zərdab rayon İcra Hakimiyyəti ilə bağlı heç bir əsası olmayan yazılar dərc olunur.

İcra Hakimiyyətinin başçısı SİA-nın müxbirinə açıqlamasında bildirib ki, "Azadlıq" qəzetinin 07 sentyabr 2012-ci il tarixli sayında guya Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyim dövrdə Fəqan adlı şəxslə hansısa əlaqəm olub: "Bu əlbəttə, barəmdə növbəti uydurma yazıdır. Çox təssüflənirəm ki, "Azadlıq" qəzeti heç bir araşdırma aparmadan, mənim haqqımda qərəzli və sifarişli yazılar dərc edir. Bildirirəm ki, 2005-2007ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişəm və həmin dövrdə şəhərin trolleybus parkı və trolleybus xətti fəaliyyətdə olub, şəhər əhalisi nəqliyyatın bu növündən normal istifadə edib. Mənim Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyim 14 dekabr 2007-ci il tarixə kimi şəhərin trolleybus parkının və trolleybus xəttinin özəlləşdirilməsindən söhbət gedə bilməz.

Mingəçevir şəhərində trolleybus parkının və trolleybus xəttinin kim tərəfindən özəlləşdirilməsinin araşdırılması və məsələyə aydınlıq gətirilməsi həmin şəhərdə uzun illər yaşayan bir insan kimi mənim üçün də maraqlı olardı. Mən 2005-2007-ci illərdə Moskva şəhərində olmamışam və mənim nə orada, nə də MDB-nin digər ölkələrində heç bir obyektim yoxdur".

İcra başçısı əlavə edib ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyim dövrdə dövlətimizin başçısının şəhərdə hər hansı obyektin açılışı ilə bağlı Mingəçevirə səfəri olmayıb və bu məsələ ilə bağlı İcra Hakimiyyətində heç bir müşavirə keçirilməyib: "Mən Fəqan Nəsibov adlı şəxs tanımıram. Mənim haqqımda yazılan sifarişli yazılar böhtan və şantaj xarakterli olmaqla, rayon rəhbəri kimi gördüyüm işlərə kölgə salmaq məqsədi daşıyır. "Azadlıq" qəzetinin əməkdaşlarına tövsiyə edərdim ki, redaksiyaya daxil olan yazıları araşdırdıqdan sonra qəzet səhifəsinə çıxarsınlar. Necə deyərlər düzü-düz, əyrini-əyri yazsınlar.

Heç olmasa 170 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız, Milli Mətbuatımızın banisi H.B.Zərdabinin qəzetçilik ənənələrinə sadiq olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə