Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması
Ramil Səfərovun Macarıstan tərəfindən Azərbaycana verilməsi proseduru və əfv edilməsi 1983-cü ildə Avropa Şurası çərçivəsində qəbul edilmiş "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun həyata keçirilib. Macarıstan və Azərbaycan Respublikası həmin konvensiyanı ratifikasiya edib.
Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan tərəfi bütün zəruri hüquqi informasiyanı Macarıstana təqdim edib, Macarıstan tərəfi isə alınmış informasiya əsasında Ramil Səfərovun ekstradisiyasına razılıq verib.
Macarıstan məhkəməsi tərəfindən çıxarılmış hökm 30 il müddətində məhkumun vaxtından əvvəl şərti azad olunmasını məhdudlaşdırmış, onun əfvinin və ya amnistiyaya düşməsinin mümkünlüyünə şamil edilməmişdir.
Konvensiyanın 11 və 12-ci maddələrinə əsasən, hər bir tərəf qüvvədə olan Konstitusiyaya və ya digər hüquqi aktlara müvafiq olaraq əfv, amnistiya elan edə və ya cəza tədbirini azalda bilər. Ramil Səfərov Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə müvafiq olaraq əfv edilmişdir.
Azərbaycan Konstitusiyasına görə, əfvetmə ölkə Prezidentinin müstəsna səlahiyyətidir. Azərbaycanın cinayət qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin cəzası əfv qaydasında 25 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilə bilər. Ramil Səfərov 2004-cü il fevralın 19-dan həbsdə olmuşdur, yəni o, öz cəzasının səkkiz il yarımdan artıq müddətini çəkmişdir. Əfv aktı ömürlük cəzanın məhkumun artıq çəkmiş olduğu cəza müddəti ilə əvəz edilməsidir.
Macarıstan Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilmişdir ki, Macarıstan beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun hərəkət etmiş, Ramil Səfərov "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Strasburq Konvensiyasına uyğun olaraq Azərbaycana ekstradisiya olunmuşdur. Rəsmi Budapeşt sözügedən konvensiyaya uyğun olaraq 2010-cu ildə 11, 2011-ci ildə 7, 2012-ci ildə 8 məhbusu digər ölkələrə təhvil vermişdir.
Ekspertlər, hüquqşünaslar Ramil Səfərovun Macarıstanda 30 il müddətinə azadlıqdan məhrum olunmasını həddən artıq sərt qərar hesab etmişlər. Məhkəmə vəkillərin vəsatətlərini, erməni zabitin təhrikçi hərəkətləri nəticəsində R.Səfərovun düşdüyü mənəvi-psixoloji durumu, məcburi köçkün həyatı yaşamasını, bir çox yaxınlarını itirdiyini və bu faciələrin onun gözü qarşısında baş verdiyini nəzərə almamışdır. 22 iyul 2011-ci ildə Norveçdə 77 nəfəri qətlə yetirmiş, 155 nəfəri yaralamış Anders Berinq Breyvikin 21 il müddətinə azadlıqdan məhrum edilməsi fonunda ağır psixoloji durumda olan bir nəfərin digərini qətlə yetirməsinə görə 30 il müddətinə məhkum olunması ədalətli qərar hesab edilə bilməz.
Ermənistan rəhbərliyinin, erməni diasporunun və onun xidmətində olan xarici qüvvələrin Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunaraq əfv edilməsi ilə bağlı mövqeyi heç bir əsası olmayan süni ajiotaj yaratmaq, beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltmək məqsədi daşıyır.
Tarixi faktlar göstərir ki, müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdə çoxsaylı insanlar qətlə yetirən cinayətkarları, terrorçuları sığınacaqla, yüksək səviyyəli həyat şəraiti ilə təmin etmək, onları "milli qəhrəman" statusuna yüksəltmək Ermənistan rəhbərliyinə xas olan xüsusiyyətdir.
Ermənistanın hərbi təcavüzü ilə əlaqədar Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və digər ərazilərində dinc azərbaycanlılara qarşı soyqırımı törətmiş bir çox şəxslər hazırda Ermənistanda yüksək vəzifələrdə çalışırlar. Buna misal kimi Xocalı soyqırımının əsas təşkilatçılarından olmuş və cinayətkar mövqeyini açıq şəkildə mətbuatda əsaslandırmağa çalışmış Ermənistan Prezidenti S.Sarkisyanı, müdafiə naziri Seyran Oqanyanı və digərlərini göstərmək olar.
ASALA erməni terror təşkilatının Fransada fəaliyyətinə rəhbərlik edən Varujan Karapetyan 1983-cü il iyunun 15-də Parisin Orli Hava limanında Türkiyə Hava Yollarının ofisi qarşısında terror aktı törətmiş, nəticədə 8 nəfər ölmüş, 55 nəfər yaralanmışdır. 1985-ci ildə ömürlük həbs cəzasına məhkum olunmuş V.Karapetyan Fransadakı erməni diasporunun təzyiqləri nəticəsində 2001-ci ildə azadlığa buraxılmış və Ermənistana deportasiya edilmişdir. V.Karapetyan Ermənistanda əsl "qəhrəman" kimi qarşılanmış, baş nazir Andranik Markaryan 2001-ci il mayın 4-də onu təbrik etmiş, Yerevanın meri Robert Nazaryan isə mənzillə təminat məsələsini öz üzərinə götürmüşdür. Hazırda V.Karapetyan Ermənistanın Dilijan şəhərində yaşayır.
Monte Melkonyan (Avo) – ASALA erməni terror təşkilatının fəalı, ASALA-RM-in rəhbəri, Livanda vətəndaş müharibəsinin iştirakçısıdır. Onun rəhbərliyi ilə Roma, Afina və Avropanın digər şəhərlərində türklərə qarşı çoxsaylı terror aktları həyata keçirilmişdir. 1981-ci ildə M.Melkunyan Parisdə 4 türk diplomatının girov götürülməsi əməliyyatını təşkil etmişdir. 1985-ci ildə, o, Parisdə 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 1969-cu ildə isə əfv olunaraq Beyruta deportasiya olunmuşdur. 1990-cı illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində gedən döyüşlərdə fəal iştirak edən M.Melkunyan qısa zamanda azərbaycanlılara qarşı qəddarlığı ilə ad çıxarmışdır. M.Melkunyan 1993-cü il iyunun 12-də Dağlı Qarabağda – Ağdam rayonunun Mərzili kəndində döyüş zamanı öldürülmüşdür. M.Melkumyan "xidmətlərinə" görə Ermənistanın "milli qəhrəmanı" adı almlş, "Qızıl qartal" ordeni ilə təltif olunmuşdur. Onun adına Ermənistanda hərbi hissə, universitet, məktəb, körpü, xeyriyyəçilik fondu, futbol klubu var.
Murad Topalyan – 20 il ərzində ABŞ-da türk diplomatlarına və obyektlərinə qarşı terror aktları hazırlamış və həyata keçirmişdir. 12 Oktyabr 1980-ci ildə M.Topalyan iki əlbiri ilə birlikdə Türkiyənin BMT-dəki nümayəndəliyinin yerləşdiyi binanın qarşısında terror aktı törətmiş, nəticədə 3 nəfər yaralanmış, nümayəndəliyin binasına isə ciddi ziyan dəymişdir. O, 1999-cu ildə həbs edilərək terror aksiyalarının təşkilində və aksiyalarda iştirakda ittiham olunmuşdur. ABŞ-dakı erməni lobbisinin və onlara yaxın güclərin təsiri və təzyiqi nəticəsində M.Topalyanın üzərindən terrorizmlə bağlı ittiham götürülmüş, o özünü qanunsuz silah, sursat və partlayıcı maddələr əldə etməkdə və saxlamaqda günahkar bilmişdir. 2004-cü il yanvarın 24 də məhkəmənin hökmünə əsasən M.Topalyan 37 ay həbs cəzasına və 3 illik polis nəzarətinə məhkum olunmuşdur. Ermənistan hökuməti M.Topalyanı müdafiə etmiş və ona bəraət qazandırmağa çalışmışdır. 2000-ci ildə Amerika Ermənləri Milli Komitəsi Topalyanı "Ümumi erməni məsələsinə töhfəsinə görə" və "Erməni tarixinə və erməni millətinə həsr olunmuş unikal fəaliyyətinə görə" "Azadlıq mukafatına" layiq görmüşdür.
Ramil Səfərovun azadlığa buraxılmasından "narahatlıq" ifadə edən xarici qüvvələr onun Macarıstandan Azərbaycana ekstradiksiyasının və əfv edilməsinin hüquqi cəhətdən beynəlxalq və yerli qanunvericiliyə tam uyğun olduğunu, habelə məhz Ermənistanda qatı cinayətkarların və terrorçuların "milli qəhrəman" statusuna yüksəldilməsi praktikasının geniş yayıldığını nəzərə alaraq əsassız tələblərə və ikili standartlara yol verməməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB