“Ramil Səfərov Prezidentin qətiyyəti və əzmi sayəsində Azərbaycana gətirildi”

Novruz Məmmədov: "Təəssüflər olsun ki, bu işi başqalarının ayağına yazanlar da tapıldı"
“Ramil Səfərov Prezidentin qətiyyəti və əzmi sayəsində Azərbaycana gətirildi”

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "Newtimes.az" portalına eksklüziv müsahibəsi

– Novruz müəllim, Ramil Səfərovun Azərbaycana gətirilməsi və onun ölkə Prezidenti tərəfindən əfv olunması haqqında yayılmış informasiyalar doğrudurmu?

– Bəli, artıq bir neçə saatdır ki, Ramil Səfərov Azərbaycandadır. Bu, bizim hər birimiz üçün çox sevindirici və qürurverici hadisədir. Öz Vətəninin şərəfini və xalqının namusunu qorumaq yolunda həbsə atılan bir əsgərimizi, qeyrətli vətən övladını burada görmək olduqca təsirlidir.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də, Ramil Səfərov ölkəyə ayaq basanda onun cəzaçəkmədən azad olunması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı bir daha sübut etdi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.

Amma təəssüflər olsun ki, bu işi başqalarının ayağına yazanlar da tapıldı. Bəli, təəssüf ki, mətbuatda Ramil Səfərovun azad olunması ilə bağlı yanlış məlumat yayılır. Hamı başa düşməlidir ki, Ramil Səfərovun Azərbaycana gətirilməsi çox həssas bir məsələ idi. O, xüsusi siyasi yük daşıyırdı. Ermənistan tərəfi bununla bağlı anti-Azərbaycan kampaniyası aparırdı, müxtəlif böhtanlar uydururdu.

Ona görə də Ramil Səfərovun Azərbaycana gətirilməsi ilə bağlı atılan addımlar tam məxfi şəraitdə aparılmalı idi. Təxminən bir ilə yaxın idi ki, Prezident İlham Əliyevin ciddi nəzarəti altında məxfi danışıqlar gedirdi. O cümlədən, Prezidentimizin rəhbərliyi altında Azərbaycan və Macarıstanın hüquq-mühafizə orqanları arasında uzun müddət danışıqlar və yazışmalar olmuşdur. Bu işin həllində Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfəri zamanı əldə edilən razılaşma həlledici rol oynamışdır. Ramil Səfərov Azərbaycan Prezidentinin qətiyyəti və əzmi sayəsində Azərbaycana gətirildi.

Sadəcə olaraq, bu çox həssas məsələ ilə bağlı vaxtından əvvəl ictimaiyyətə məlumat verməyə ehtiyac yox idi. Şübhə etmirəm ki, qədirbilən xalqımız bunu çox gözəl anlayır və qiymətləndirir. Görünür, bu məxfilik bəzilərini bulanıq suda balıq tutmağa vadar edib. Bundan dividend qazanmağa çalışıblar. Ancaq onlar heç olmasa, 31 avqust 2012-ci il tarixli "R.S.Səfərovun əfv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"nın mətnini oxusunlar. Həqiqət oradadır.

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə