Hesab edirəm ki, vahid namizədliyi adətən brayner keçirtməklə də müəyyən etmək olar. Bu demokratik ölkələrdə də belədir. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli dünən Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizəd olacağı ilə bağlı səsləndirdiyi açıqlamaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İsa Qəmbərin özü-özünü vahid namizəd elan etməsi siyasi etikaya yaraşmayan bir hərəkətdir: "Düşünmürəm ki, müxalifət partiyasi vahid namizəd ortaya qoysun. Çünki müxalifət liderləri arasında daimi olaraq barışmaz, ziddiyyətlə dolu bir münasibət mövcuddur. Bunların da müxtəlif səbəbləri vardır. Ən başlıca səbəb odur ki, müxalifət liderlərinin hər biri öz amnistiyaları uğrunda mübarizə aparırlar. Onları milli maraqlar düşündürmür, əksinə, bütün addımları amnistiyalarına söykənib. Belə olan təqdirdə inanmıram ki, İ.Qəmbər seçkilərdə vahid namizədlik statusunu əldə edə bilsin".
M.Səfərli hesab edir ki, Əli Kərimli ilə İsa Qəmbər arasında heç vaxt yaxın münasibətlər olmayıb, əksinə onlar bunu yalnız və yalnız etika xatirinə, gözdən pərdə asmaq üçün ediblər. Onların arasında həmişə dərin konfliktlər olub.
Yurddaş Partiyasının sədri eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı məsələyə də toxunaraq deyib ki, yayılan faktlara hər hansı bir fikir söyləmək düzgün olmazdı: "Hesab edirəm ki, hüquq-mühafizə orqanları tərəfindən istintaq aparıldıqdan sonra bu bütövlükdə cəmiyyət üçün maraqlı olacaq. Mən istintaqın obyektiv aparılacağına heç bir şübhə etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB