Rauf Arifoğlu: “Bəlkə “İctimai Palata”nın vahid namizədi mən olacağam” MÜSAHİBƏ
Müsahibimiz "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğludur.
- Rauf bəy siz siyasətçiziniz, yoxsa qəzetçi ?
- Mən qəzetçiyəm və qəzet redaktoruyam. Amma dünyanın istənilən bir ölkəsində siyasi bir qəzetin redaktoru və onun təsisçisi siyasi post sayılır. Bu baxımdan həm də siyasətin içərisindəyəm, siyasi fikrin yönəldilməsindəyəm. İctimai rəyin formalaşdırılmasında rəhbərlik etdiyim qəzetin oynadığı rol qədər, mən də siyasətdə rol oynayıram.
- Ölməz şairimiz Nizami Gəncəvinin gözəl sözləri var: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan"...
- Hesab edirəm ki, Azərbaycan oxucusunun verdiyi rəy nədirsə, onu da qəbul edirəm.
- Qəzetiçi formasında siyasi proseslərə ciddi müdaxilə etmək və onu öz maraqlarınıza uyğun dəyişməyə çalışırsınız. Bu siyasətdə və ya qəzetçilikdə normal xarakter daşıya bilər?
- Məsələn?
- Məsələn, sizin Sülhəddin Əkbərlə keçmişdə olan qovğalarınız, sonradan Vurğun Əyyubla bağlı problemlər və indiki proseslər. Bunu öz maraqlarınıza uyğun hal kimi qəbul etmək olar?
- Onlar çox keçmişdə olub. Bu gün sadəcə, qəzetcilik maraqlarına uyğun olaraq fəaliyyət göstərməyə calışırıq.
- Müxalifət düşərgəsindəki siyasi mühit sizi qane edirmi?
- Müxalifət düşərgəsindəki mühit ayrıca götürülmuş bir mühit deyil. Bu ümumi siyasi mühitin bir parçasıdır. Bu mühitdə heç də xoşagələn hal deyil.
- Düşünmürsünüz ki, bu halın dəyişməsi üçün müxalifət liderləri konkret addımlar atmalıdır. Biri-birilə döyüşməkdən, ittiham etməkdənsə sizin dediyiniz kimi xoşa gəlməyən halın dəyişdirilməsinə calışmalıdır?
- Mən bütövlükdə ümumi siyasi mühitin xoşagəlməz olduğunu hesab edirəm. Bunun üçün bütün tərəflərin addımlar atmasına ehtiyac olduğunu hiss edirəm. Azərbaycanda siyasi düşərgələr arasında böyük bir məsafələr var, dialoq yoxluğu var. Bu dialoq yoxluğu da xoşagəlməz bir mühit yaradır. Hesab edirəm ki, düşərgələr bir-birlərilə münasibətləri yaxınlaşdırmalıdır. Həm hakimiyyət tərəfdən, həm də müxalifət tərəfdən dialoq təşəbbüsləri, addımları atılmalıdır. Qaldı ki, müxalifət düşərgəsindəki çəkişmələrə, mən hesab edirəm ki, bunlar daha çox qəzet hadisələridir, qəzetlərin yaradıcılığıdır. Müxalifət düşərgəsindəki liderlərin bəzilərilə "İctimai Palata"nın Koordinasiya Şurasının iclaslarında onlarla təmasda olmaq imkanı əldə edirəm. Orda münasibətlər heç də qəzetlərdə yazıldığı kimi deyil.
- Təmsil etdiyiniz Müsavat partiyasını ittiham edən Ədalət Partiyasının sədr müavini Ayaz Əfəndiyev iddia edir ki, guya Müsavat partiyası Rusiya vasitəsilə hakimiyyəti ələ keçirmək istəyir. Belə çıxır ki, sizlər yenidən 90-cı illəri təkrarlamaq niyyətidəsiniz?
- Mən elə bir ittiham oxumamışam və elə bir adam da tanımıram. Məlumatım olmadığı üçün nəsə deyə bilmərəm. Əgər belə bir şəxs həqiqətən də varsa, həmin adam əhəmiyyətli birisi olmadığına görə, ona cavab verməyi lüzum görmürəm.
- Köşə yazalarlarınızla bağlı qəzetinizin səhifələrində Eynulla Fətullayev çox kəskin, tənqidi və təhqiramiz fikirlər səsləndirir. Əməkdaşlarınızın kənar şəxlər tərəfindən baş redaktoru olduğunuz qəzetdə təhqir olunmasından deyəsən məmnun görünürsünüz?
- Şahvələd Çobanoğlu müstəqil yazardır və bu günlərə qədər Eynulla Fətullayevin yaxın dostu olub. Öz aralarında çəkişirlər. "Yeni Müsavat" qəzeti də hər ikisinə meydan verir. Heç birinin də bizdən narazılığı yoxdur.
- Niyə Siz məhz çəkişmələri qəzet səhifələrinə çıxarmağa üstünlük verirsiniz?
- Dünyada bütün qəzetlər bu cür fəaliyət göstərir.
- Rauf bəy, əgər "vahid namizəd" məsələsi müəyyənləşdirilərsə, müxalifət düşərgəsində vəziyyət necə olacaq?
- Normal. Müəyyənləşdirilsə nə olacaq, müəyyənləşdirilməsə nə olacaq!?
- İddialara görə, Müsavat Partiyası daha çox "İctimai Palata"da İsa Qəmbərovun "vahid namizəd" olması üçün iş aparırmı?
- Hardan bilirsiniz? Bəlkə elə "İctimai palata"nın "vahid namizədi" mən olacağam.
- Artıq siz də iddialısınız "vahid namizəd" olmağa?
- Hələ o vaxta çox var və ona qədər çox proseslər baş verə bilər.
- Mirzə Sakit müxalifəti söyür, təhqir edir. Sonra da deyir ki, mən sevə-sevə bunu edirəm. Mirzə Sakitin belə münasibət sərgiləməsi Sizi narahat etmir ki?
- Demokratiyada bu normal haldır. Heç kim bundan narahat deyil.
- Bəs şəxsiyyəti alçatmaq, bu da demokratiya əlamətidir?
- Rast gəlməmişəm. Şəxsiyyət alçaldacaqsa, ona görə də cavab verəcək.
- Qəzetinizdə dəfələrlə kiminsə şəxsiyyətini təhqir etdiyinizə görə sizi məhkəməyə verəndə niyə narahat olurdunuz?
- Məhkəməyə veriləndə istənilən şəxs narahat olur. O cümlədən biz narahat oluruq. Amma eyni zamanda da dözürük. Demokratiya hətta dözüm dənəyidi, sınağıdır.
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB