ADP-ACP qarşıdurması: kəşfiyyat bitdi, indi hücum zamanıdır

Sərdar Cəlaloğlu: "Biz ADP-ni Rəsul Quliyevin vəziyyətinə düşməkdən qorumuşuq"
ADP-ACP qarşıdurması: kəşfiyyat bitdi, indi hücum zamanıdır

Zəminə Dünyamalıyeva: "Sərdar bəy getsin, siyasətin əlifbasını öyrənsin"

Son zamanlar ADP sədri Sərdar Cəlaloğlu ilə "ACP" lideri Rəsul Quliyevə yaxın şəxslər arasında yeni gərginlik yaranıb. Mövzu ilə bağlı qeyd elək ki, R.Quliyevin müşaviri Zəminə Dünyamalıyeva və ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə verdiyi açıqlamalarında hər iki partiya arasında yaşanan gərginlikləri bir-birilərini günahlandırmaqla aydınlıq gətiriblər.

"Bu gün Sərdar bəyin partiyaya rəhbərlik etməsi, ADP-nin adı olub, özü olmayan çoxsaylı partiyalardan biri kimi adlandırmaq olar"

Z.Dünyamalıyeva S.Cəlaloğlunu siyasətdən xəbərsiz adam olduğunu bildirərək qeyd etdi ki, S.Cəlaloğlu hələ də əsl siyasi "lider" nə demək olduğu bilmir: "Ona görə də, yaxşı olar ki, Sərdar bəy getsin, siyasətin əlifbasını öyrənsin. Bir də S.Cəlaloğlunun siyasətçi kimi cəmiyyətdə tanınması, o cümlədən ADP adında partiyanın olmasından insanların xəbər tutması Rəsul Quliyevlə bağlıdır. Bu gün Sərdar bəyin partiyaya rəhbərlik etməsi, ADP-nin adı olub, özü olmayan çoxsaylı partiyalardan biri kimi adlandırmaq olar. Rəsul müəllimin hesabına Sərdar Cəlaloğlu neçə illər başını başlara qoşub liderlərlə eyni cərgədə dayanırdı".

Z.Dünyamalıyeva onu da bildirib ki, R.Quliyev və tərəfdarları getdikdən sonra ADP də, S.Cəlaloğlu da yenə əvvəlki vəziyyətinə düşüblər: "Sərdar Cəlaloğlu siyasətçi kimi varlığını indi də Rəsul Quliyevin adı ilə saxlayır. Vaxtaşırı mediada Rəsul Quliyevin barəsində danışmaqla guya fəaliyyətdə olduğu görüntüsünü yaradır. Bu adamın işi-gücü ya Rəsul Quliyevin, ya da Müsavatla AXCP-nin, "İctimai Palatanın" əleyhinə danışmaqdan ibarətdir. Başqa heç bir fəaliyyəti mövcud deyil".

Z.Dünyamalıyevanın bu kimi açıqlamasını təhlil edərkən, həm də belə bir nəğticəyə gəlmək olar ki, bu gün ADP-nin "Müqavimət Hərəkatı"ndan "İctimai Palata" ya tərəf meyillənməsi realdır. Bu həm də R.Quliyevin cəbhə sədri Əli Kərimovla getdiyi gizli sövdələşimənini nəticəsidir. Əgər belə olmasaydı, Z.Dünyamalıyeva ADP sədri S.Cəlaloğlunun "palatanı" ittiham etməçsini qəsqanclənqlpa qaorşılamazdı.

"ADP-ni Rəsul Quliyevin vəziyyətinə düşməkdən qorumuşuq"

S.Cəlaloğlu onun haqqında deyilənlərin qərəz olduğunu qeyd edib və "ACP"yə qarşı adekvat açıqlamalar verib. Onun "Səs"ə verdiyi açıqlamasında bir daha vurğulanıb ki, Rəsul Quliyev həqiqətən də zəif insandır: "Mən başa düşə bilmirəm ki, bunlar niyə belə açıqlamalar verirlər. Bilirsiniz, bu gün "ACP" üzvü Vaqif Mahmudov mənim rəhbərliyim altında rayon təşkilatının sədri olub, işi də bizi qane etməyib. Onun üzündən rayon təşkilatı dağılıb. Bəli, mən demişəm ki, Rəsul Quliyevin gücü yoxdur. Əgər ADP Rəsul Quliyevin vaxtında güclü idisə, Rəsul Quliyev də ADP-yə görə güclü idi. Bunlar bir-birini tamamlayan məsələlərdir. Biz ADP-ni Rəsul Quliyevin vəziyyətinə düşməkdən qorumuşuq".

ADP sədri Sərdar Cəlaloğlu, həmçinin Sülhəddin Əkbər və Rəsul Quliyevlə bağlı məlumat verməsinə, onlara qərəzli yanaşmasına heç bir əsas olmadığını bildirib: "Bu gün Sülhəddin Əkbər ADP-dən qovulmadıqlarını necə iddia edə bilər. Onların qovulması ilə bağlı sənədlər hələ də ADP-nin arxivində durub. Kiməsə böhtan atıb, təhqir etməmişəmki. Fakt budur ki, onların heç biri ADP-dən öz istəkləri ilə getməyib, partiyanın qərarı ilə qovulublar. Reklam olmaq, gündəmdə qalmaq üçün də onların adını hallandırmamışam. İsətər sizin qəzetə, istərsə də digər qəzetlərə də mənə verilən sualı olduğu kimi cavablandırmışam. Yenə deyirəm ki, sadəcə faktı açmışam ki, ADP ilə onların arasında heç bir mənəvi bağlılıq qalmayıb. Əgər fakt qərəzli kimi başa düşülürsə, deməli bütün elmlər də qərəzlidir. Çünki bütün elmlər faktın üzərində qurulub".

"Zəminə Dünyamalıyeva özü yaxşı bilir ki, hansı əqidəyə malik insandır"

"Mənim haqqımda bu günə kimi nə ittihamlı sözlər varsa, bu, ancaq onların fikirləridir və səviyyələridir" deyən ADP sədri ona qarşı çıxanları əqidəsiz adlandırıb: "Qaldı ki, Zəminə Dünyamalıyevanın "R.Quliyevi hakimiyyətə S.Cəlaloğlu satıb" fikrinə, bunu onun özünə ünvanlamaq lazımdır. Z.Dünyamalıyeva özü yaxşı bilir ki, hansı əqidəyə malik insandır və özünün zədələnmiş imicini bərpa etmək üçün belə şər-böhtan dolu fikirlərə əl atır. Əgər xatırlayırsınızsa, Fərhad Əliyevin məhkəməsi zamanı orada belə bir fikir söylənilirdi ki, R.Quliyevin Azərbaycana gəlişi ilə bağlı keçmiş sabiq iqtisad inkişaf naziri 170 min dollar ayırıb. R.Quliyev də bildirib ki, o pulu mən Azərbaycana gələndə özümə verərsiniz. Siz indi özünüz fikirləşin. R.Quliyevin Azərbaycana gəlməsinə mən necə mane ola bilərəm? Z.Dünyamalıyeva da çox yaxşı bilir ki, R.Quliyevin gəlişi ilə bağlı o, şəxsən özü nə qədər adam toplayacaqdı. Elə buna görə də, bu gün axırıncı danışmalı olan adam varsa, o da Z.Dünyamalıyeva özüdür".

"Rəsul Quliyev çox asanlıqla xüsusi təsirə altına düşən bir adamdır"

S.Cəlaloğlu onu da bildirdi ki, R.Quliyev çox asanlıqla xüsusi təsirə altına düşən bir adamdır: "Onun zəif iradəyə malik olması haqqında R.Quliyevin oğlu da müsahibələrində bildirib. Ona görə də R.Quliyevi hər an yolundan döndərmək olar. Adi bir fakt - Z.Dünyamalıyevanın mətbuata geniş şəkildə açıqlama verməsi, bir daha R.Quliyevin zəif adam olduğunu göstərir. Özünü siyasi partiya lideri sayan şəxs kiminsə onun haqqında belə fikir söyləməsinə imkan verməməlidir. Görünür, onun haqqında fikir söyləyənlər də R.Quliyevin zəif iradəyə malik olduğundan məharətlə istifadə edirlər. Mən 10 ilə yaxın R.Quliyevin siyasi maraqlarını müdafiə etmişəm və bu gün onun kim olduğunu yaxşı bilirəm. Qoy R.Quliyev özü Z.Dünyamalıyevanın dediyi fikri desin. Ancaq istər Z.Dünyamalıyeva, istərsə də digər adamlar yenə də R.Quliyevin zəif iradəsinə arxayın olaraq, böhtan fikirlər söyləyəcəklər".

"Müxalifət daxilində bəzi siyasi faktorların olmaması bu qələbənin absurd olduğunu təsdiqləyir"

S.Cəlaloğlu "vahid namizəd" məsələsinə toxunaraq bildirdi ki, nə qədər müxalifət liderləri öz şəxsi ambisiyaları ətrafında siyasi fəaliyyət göstərir, heç vaxt qələbədən danışmağa dəyməz: "Bu, o demək deyil ki, "vahid namizəd" olmasa biz siyasi dəyişikliklərə nail olacağıq. Bilirsiniz, müxalifət daxilində bəzi siyasi faktorların olmaması bu qələbənin absurd olduğunu təsdiqləyir. Müxalifət düşərgəsində "vahid namizəd"in baş tutması prosesinə inanmıram və ola da bilməz. Çünki əvvəlki seçkilərdə də bunun şahidi olmuşuq. Eyni zamanda, bu gün müxalifətin özünün kifayət qədər siyasiləşməsinə ehtiyac duyulur. Bunlar "nağd soğandan, nisyə xurma" arzusu ilə yaşayırlar. Onların ortalığa qoyduqları ideyaların siyasi proseslərdə heç bir müsbət nəticəsi yoxdur. Çünki ortaya güclü ideya qoymaq imkanına malik deyillər. Ona görə də əvvəldə qeyd etdiyim kimi, bu gün müxalifətin böyük siyasiləşməyə ehtiyacı var".

Rəfiqə Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə