Elmar Məmmədyarova Kolumbiya ordeni verildi

Elmar Məmmədyarova Kolumbiya ordeni verildi

Kolumbiyada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 25 iyulun 25-də Kolumbiya Senatının sədr müavini Edqar Espindola Ninonun başçılıq etdiyi senatorlardan ibarət qrupla görüş keçirib.


XİN-in mətbuat xidmətindən daxil olan xəbərə görə, Edqar Nino Azərbaycana etdiyi səfəri xatırlayaraq, ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib və nazir Elmar Məmmədyarovun bu rəsmi səfərinin iki ölkə arasında münasibətlərin dinamik inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.


Kolumbiya senatının Azərbaycan xalqının Xocalı soyqırımı acısını anladığını bildirən Edqar Nino bununla bağlı Kolumbiya Senatının müvafiq qərar qəbul etdiyi barədə məlumat verib. Senator həmçinin, hər iki ölkədə diplomatik və ticarət nümayəndəliklərinin tezliklə açılmasının vacibliyini vurğulayıb.



Qarşılıqlı çıxışların ardınca nazir Elmar Məmmədyarova və Azərbaycanın Kolumbiyadakı səfiri İlqar Muxtarova Kolumbiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı və gücləndirilməsində xidmətlərinə görə Senatın xarici əlaqələr, milli müdafiə və təhlükəsizlik komissiyasının "demokratiya uğrunda səylərinə görə Ali komandor" ordeninin təqdim olunması mərasimi keçirilib.


Nazir Elmar Məmmədyarov Senat tərəfindən təqdim olunan bu yüksək mükafata görə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə