Lamberto Zanier: \"Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi iradə lazımdır\"

Lamberto Zanier: \"Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi iradə lazımdır\"

\"Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsi ilə həlli üçün siyasi iradə vacibdir\". Bunu Azərbaycanda səfərdə olan Lamberto Zanier xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə nail olduğu uğurlar üçün bu ölkə ilə birgə işləməyi davam edəcək. "Bu il ATƏT ilə münasibətlərinin 20 illiyini qeyd edən Azərbaycan təşkilatımızın siyasi, hərbi, iqtisadiyyat, ətraf mühitə, eləcə də insan hüquqları sayəsində apardığı işlərdə mühüm rol oynayır". Zanier Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyinə çox böyük təhdid olduğunu və Cənubi Qafqazda iqtisadi inkişafı ləngitdiyini vurğulayıb. O, münaqişənin danışıqlar yolu ilə həllini və atəşkəs rejiminin gücləndirilməsində Minsk qrupu həmsədrlərinin, o cümlədən ATƏT sədrinin şəxsi nümayəndəsinin səylərini dəstəklədiyini bildirib. "Münaqişə güc tətbiqi yolu ilə həll olunmayacaq, danışıqlar irəliyə getməyin yeganə yoludur. Tərəflərin siyasi iradəsi və öhdəliyi davamlı sülhə nail olmaq üçün başlıca şərtdir. Dağlıq Qarabağ münaqişəsində status-kvo daim saxlanıla bilməz".

Baş katib təmas xəttində baş verən hadisələrlə bağlı ciddi narahatlığını bildirib. Onun sözlərinə görə, bu hadisələr burada yaşayan dinc əhalinin uzun müddətdir sabitliklə bağlı gözləntilərini pozur. Zanier vurğulayıb ki, bütün tərəflər güc tətbiqi və təhdiddən çəkinməli,qarşıdurmaya yol verməməli, snayperləri cəhbə xəttindən uzaqlaşdırmalı və cəhbə xəttində baş verən insidentlərin araşdırması mexanizmiləri daxil olmaqla qarşılıqlı etimadın artırılması istiqamətində razılaşdırılmış tədbirləri gücləndirməlidir. O, xalqlar arasında əlaqələrin və hər iki ölkə ziyalıları, alimləri arasındakı dialoqların inkişaf etdirilməli olduğunu deyib. Baş katib Azərbaycan və Ermənistan prezidentləri arasında əldə olunan razılığın həyata keçməsində ATƏT-in hazır olduğunu bildirib. Qeyd edək ki, səfər çərçivəsində baş katib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. Görüşdə Zanier ölkənin ATƏT qarşısında üzərinə götürdüyü öhdəlikdən və Azərbaycana rəhbirlik etdiyi qurumun daim yardım etməyə hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə