Qənirə Paşayeva ABŞ-dakı Türk Amerika Dərnəkləri başqanı ilə görüşüb

Qənirə Paşayeva ABŞ-dakı Türk Amerika Dərnəkləri başqanı ilə görüşüb

ABŞ-da səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Nyu Yorkda Türk Mərkəzini ziyarət edib və burada Türk Amerika Dərnəkləri başqanı Ali Çinarla görüşüb. SİA-nın verdiyi xəbərə görə, görüş zamanı millət vəkili bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da, Nyu Yorkda yaşayan bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.


ABŞ-da harada doğulmasından asılı olmayaraq minlərlə Türkün yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.


Millət vəkili Qənirə Paşayeva görüş zamanı ABŞ-da yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb. Millət vəkili onlara Daglıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə də ətraflı məlumatlar verib və geniş müzakirələr aparılıb.


Türk Amerika Dərnəkləri başqanı Ali Çinar bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə sürətlənməsini vurğulayaraq görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumat verib, ətraflı fikir mübadiləsi aparılıb. O, Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin ABŞ cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini və gördükləri işləri bundan sonra daha da artıracaqlarını bildiriblər. Türk Amerika Dərnəkləri başqanı Ali Çinar millət vəkili ilə görüşdə bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndirib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə