Herman van Rompey: “Avropa Birliyi Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır”
"Avropa Birliyi Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır". SİA-nın verdiyi məlumata görə, bunu Avropa Birliyinin prezidenti Herman van Rompey Azərbaycan Dillər Universitetində çıxış edərkən deyib.
AB prezidenti bildirib ki, Azərbaycan yerləşdiyi coğrafi məkan nöqteyi-nəzərindən unikal ölkədir. O regionda təhlükəsizlik və stabilliyə nail olmağın zəruriliyini vurğulayıb və region ölkələrini "tarixin girovuna çevrilməməyə, birlikdə daha yaxşı gələcək qurmağa" çağırıb.
Herman van Rompey: "Avropa Birliyi öz şərq qonşularına böyük diqqət ayırır. Bu yaxınlarda yeni Avropa Qonşuluq Siyasəti proqramının icrasına başlanılıb, bu, proqrama daxil olan ölkələrin inkişafını dəstəkləməyə yönəlib. Avropa Birliyi öz qonşuları ilə münasibətləri təkcə iqtisadi əməkdaşlıq səviyyəsində qurmur, biz həmçinin vətəndaş cəmiyyətinə də böyük diqqət ayırırıq. Demokratiyanın inkişafında vətəndaş cəmiyyəti mühüm rol oynayır", - deyə bildirib.
Herman van Rompey qeyd edib ki, Avropa Birliyi islahatların davam etdirilməsi və dərinləşməsində Azərbaycana dəstək verir: "Biz Azərbaycanın insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmaq və demokratiyanın inkişafına yönəlmiş səylərini alqışlayırıq".
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktını dəyərləndirən Herman van Rompey bildirib ki, Avropa Birliyi Azərbaycanla bir sıra mühüm məsələlərdə əməkdaşlığı yüksək qiymətləndirir: "Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək səylərini davam etdirəcək. Bölgədə sabitlik yaranmayınca bir çox planı həyata keçirmək mümkün olmayacaq".
O, son vaxtlar təmas xəttində baş verən insidentlərdən ciddi narahat olduğunu bildirərək hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə və münaqişəni alovlandırmaqdan çəkinməyə çağırıb: "Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini tam dəstəkləyirik. Bununla yanaşı, AB tərəflər arasında etimad yaradılması üçün əlavə dəstək verə bilər. Tərəflər arasında etimad yaranmasa heç vaxt sülh olmayacaq".
Van Rompey qeyd edib ki, münaqişənin həlli üçün vaxt lazımdır: "Bir gündə ev tikmək mümkün deyil, bir gün ərzində münaqişəni həll etmək və ya demokratiya qurmaq da mümkün deyil. Evi inşa etmək üçün kərpicləri bir-bir qoymaq lazımdır. Azərbaycan cəmiyyəti evin inşasını başa çatdırır və Avropa Birliyi bu məsələdə sizə dəstəyini davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB