Suriya niyə müharibə etmək istəyir?

Suriya niyə müharibə etmək istəyir?

Və yaxud da Yaxın Şərqdə müharibə etmək istəyən kimdir?


Türkiyə hərbi təyyarəsinin Suriya silahlı qüvvələri tərəfindən vurması Yaxın Şərqdə siyasi vəziyyəti gərginləşdirməyə başlayır. Haqqında bəhs olunan bu gərginlik daha çox Suriya tərəfindən yaradılır. Belə ki, Suriya ordusu artıq ikinci dəfədir ki, Türkiyəyə məxsus təyyarəyə atəş açır. Gedən proseslər göstərir ki, Suriyanın məqsədi öz ərazi bütövlüyünü qoruqmaq deyil, əksinə regionda siyasi sabitliyi pozmaqdır. Daha müfəssəl desək, bu gün Suriyadakı Bəşər Əsəd rejimi ölkə daxilindəki siyasi gərginliyi regiona çıxarmaq istəyir. Bu məsələdə də vastəçi kimi Türkiyədən istifadə edir.

Qeyd edək ki, buna da qismən nail olub. Belə ki, son günlər Suriya və Türkiyə arasında yaşanan gərginlik artıq BMT-nin müzakirəsinə çaxarılıb. Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ərtoğrul Apakan yaranmış gərgin vəziyyətlə bağlı Pan Ki Muna və BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri Li Baodonqa müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, təyyarə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən vurulub. Eyni zamanda təyyarənin uçuşunun heç bir hərbi məqsədi olmayıb.


Suriya Türkiyə arasındakı hərbi gərginlik kimə sərf edir?

Yuxarıda da qeyd etdiyimiz kimi Bəşər Əsəd beynəlxalq ictimaiyyətin diqqətini Suriya daxilindən uzaqlaşdırmağa çalışır. Yəni ölkə daxilində müşahidə olunan hərbi siyasi gərginliyi regiona daşımağa meylli görünür. Ölkəsində minlərlə dinc insanı qətlə yetirən Bəşər Əsəd Türkiyə ilə qonşuluq münasibətlərini korlyaraq fəqli bir görüntü formalaşdırmağa çalışır. Bəşər Əsəd rejimi həm də belə bir fikir formalaşdırmağa çalışır ki, guya Suriyaya xaricdən hərbi və siyasi təzyiqlər var. Elə bu məqsədlə Türkiyəni təxribata çəkir. Bəşər Əsəd iqtidarını qoruyub saxlamaq üçün müharibə variantı ilə belə razılaşmağa hazırdır. Lakin məsələ Suriya hakimiyyətinin istədiyi istiqamətdə cərayan etmir. Türkiyə baş nazirinin müavini Bülənt Arınc son insidentlə bağlı verdiyi açıqlamada bildirib ki, Suriyanın Türkiyə hərbi təyyarəsinə qarşı hücumu məqsədyönlü şəkildə həyata keçirilib. Aparılan tədqiqatlarda bunu tam olaraq təsdiqləyir. Bülənt Arıncın sözlərinə görə, Suriya hərbi təyyarələri dəfələrlə Türkiyənin hava məkanını pozub. Lakin rəsmi Ankara məsələni hərbi yollarla deyil, diplomatik vastələrlə yoluna qoyub. Baş nazirin müavini həmçinin əlavə edib ki, Suriya bu yolla regionda müharibənin başlamasına şərait yaradır. Türkiyə isə baş verən son hadisələrin beynəlxalq hüquq çərçivəsində həllinə maraqlıdır. Çünki, Türkiyə regionda heç bir qonşusu ilə müharibə etmək niyyətində deyil.


Yaxın Şərqdə müharibəni istəyənlər kimlərdir?

Ərəb baharının nəticəsi olaraq Yaxın Şərqdə bir sıra rejimlər və quruluşlar dəyişdi. Ardıcıl olaraq Liviyada, Misirdə, Yəməndə diktatura rejimi ləğv olundu. Lakin regionda Qərbin planının həyata keçməsini yubadan Suriya problemi qaldı. Məsələnin yubanması Suriyanın devrilən hakimiyyətlərdən güclü olması ilə bağlı deyil. Digərlərindən fərqli olaraq Suriyanın daha çox xarici dəstəyə malik olmasıdır. Belə ki, Rusiya, Çin və İran Suriya iqtidarını dəstəkləyən böyük dövlətlərdir. Məsələn, Rusiya bir zamanlar SSRİ-nin yetişdirdiyi kadrların ardıcıl siyasi səhnədən silinməsindən sonra SSRİ-nin yetirməsi olan Hafiz Əsəsdin oğlu Bəşər Əsədin siyasi səhnədən silinməsini istəmir. Görünür məsələnin böyüdüyün görən Qərb problemin Yaxın Şərq ölkələri arasında həllinin tərəfdarıdır. Bunun həlli üçün isə ən optimalı Türkiyə variantıdır. Türkiyənin bu məsələyə daxil edilməsinin isə yalnız bir səbəbi var. Buna səbəb rəsmi Ankaranın regionda kifayət qədər gücə və nüfuza malik olmasıdır. Digər tərəfdən Türkiyənin Rusiya və İranla gücləndirdiyi iqtisadi, diplomatik əlaqələr riski azaldır. Yəni iki böyük dövlətin batmaqda olan Bəşər Əsəd rejiminə görə, Türkiyə ilə münasibətləri pozması ehtimalı azdır.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə