Mehriban Əliyeva: “Azərbaycanda müxtəlif dinləri təmsil edənlər bir ailə kimi yaşayıblar” - FOTOLAR

"Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim və çox möhkəm kökləri var"


"Heydər Əliyev Fondu təkcə Vatikan və xristian aləmində deyil, bütün dünya mədəniyyətində böyük əhəmiyyət kəsb edən, ümumbəşəri mədəni irsə aid olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında iştirak edəcək". Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" imzalanması mərasimindəki çıxışında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib.


O, bildirib ki, Heydər Əliyev Fondu mədəni və tarixi irsin qorunmasına böyük əhəmiyyət verir və belə layihələri həm Azərbaycanda, həm də digər dövlətlərdə həyata keçirir.


"Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, bizim ən böyük sərvətlərimizdən biridir. 2002-ci ildə ölkəmizə səfəri zamanı Roma Papası II İoann Pavel Azərbaycanı Şərq ilə Qərb arasında qapı və dözümlülük nümunəsi adlandırıb. Təsadüfi deyil ki, son illər mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mövzusunda böyük beynəlxalq görüşlər, forumlar məhz bizim ölkəmizdə keçirilir. Paytaxtımızın ev sahibliyi etdiyi əhəmiyyətli tədbirlər - 2010-cu ildə dünya dini liderlərinin zirvə toplantısı, 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Bakı Beynəlxalq Humanitar Forumu bu sahədə atılan mühüm addımlar kimi qiymətləndirilir", - Mehriban Əliyeva deyib.


Azərbaycanın birinci xanımı məlumat verib ki, Bu ilin oktyabrında paytaxtımızda İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək. Onun fikrincə, belə görüşlər, belə tədbirlər dünya liderlərini, ictimai xadimləri, insanları, xalqları bir araya gətirərək dialoqun, dözümlülüyün, qarşılıqlı hörmətin vacibliyini beynəlxalq arenada ön sıraya çıxarır.


Jurnalistlərin suallarını cavablandıran Mehriban Əliyeva qeyd edib ki, Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim və çox möhkəm kökləri var: "Əsrlər boyu Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynamışdır. Xalqımızın ən gözəl xüsusiyyətlərindən biri bütün millətlərə, bütün dinlərə, bütün mədəniyyətlərə böyük hörmətlə yanaşmasıdır. Hesab edirəm ki, bugünkü gərgin dünyada bu, çox gözəl və böyük bir sərvətdir. Biz inanırıq ki, yalnız dialoq, yalnız dözümlülük vasitəsilə insanları bir araya gətirmək olar. Biz buna səy göstəririk".

Bütün xəbərlər Facebook səhifəmizdə