Elşad İsgəndərov: “Komitə müqəddəs kitabların ölkəyə gətirilməsinin sərbəstləşdirilməsini təklif edir” - MÖVQE

Hazırda dini ədəbiyyat satan mağazaların qeydiyyatı prosesi aparılır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

O bildirib ki, Bakıda 25-dək mağaza dini ədəbiyyatın satışı üçün icazə alıb. E.İsgəndərovun sözlərinə görə, dini ədəbiyyat satan mağazaların şəraiti də çox mühüm rol oynayır. Çünki bəzən müqəddəs kitablar onların satışı üçün münasib və onların layiq olmadığı bir yerdə

satılır.

"Müraciət edənlərə icazənin verilib-verilməməsi prosesi başa çatdıqdan sonra bu monitorinqlərlə məşğul olacağıq.Ümumiyyətlə, məqsəd odur ki, Azərbaycanın milli-mənəvi ənənələrini əks etdirən dini kitabların satışı ilə məşğul olan mağazalar varsa, onlar müasir dizayna, modelə uyğun olmalıdırlar. Həmin mağazalrın xarici görünüşü də cəlbedici olmalıdır. Ən əsası isə həmin mağazalarda satılan ədəbiyyatlar çox sağlam olmalıdır", - deyə komitə sədri əlavə edib.


E.İsgəndərov qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkəyə "Qurani-Kərim" və digər müqəddəs kitabların ölkəyə gətirilməsi ilə bağlı məsələnin sərbəstləşdirilməsini təklif edir. O bildirib ki, hazırda bu istiqamətdə iş aparılır: "Əvvəllər "Qurani-Kərimi" Respublikaya gətirən insanlar üçün ölkəyə daxil olarkən çox çətinliklər yaranırdı. Əgər müqəddəs kitablarda tərcümə, təhrif yoxdursa,bu kitabların şərhində onları təhrif edə biləcək məlumatlar yoxdursa, belə kitablar ekspertizadan keçmədən ölkəyə buraxıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə