Çingiz Qənizadə: \"Müxalifətin təxribatçı fəaliyyətinə ölkə prezidenti humanist addımla cavab verdi\" - MÜSAHİBƏ
Ölkə başçısının ötən gün imzaldığı əvf fərmanı nəticəsində 2 aprel aksiyasında həbs olunan müxalifət fəalları azad olunub. Prezident yanında Dövlət Əvf Komissiyasının üzvü Çingiz Qənizadə SƏS TV-ə verdiyi müsahibədə deyib ki, bu dövlət başçısının növbəti humanist addımıdır.
- Çingiz müəllim, müxalifət mətbuatı cəmiyyətdə belə bir fikir formalaşdırırdı ki, Avroviziya mahnı müsabiqəsindən sonra ölkədə kütləvi repressiyalar başlanacaq. Amma bu gün bunun tam əksi olaraq əvf fərman imzalandı. Siz bu halı necə şərh edirsiniz?
- Avroviziya mahnı müsabiqəsindən sonra Azərbaycanda repressiyaların olacağı fikri təbii ki, mətbuatda yer almışdı. Bilirsiniz, bu cür fikirlər ağa qara demək, kiminsə işinə qiymət vermək, böhtan kampaniyasının bir hissəsidir. Xüsusilə müxalifət hakimiyyətin uğurunu görmək istəmir. Bundan başqa onların uğurlu işlərini görüb buna şübhə ilə yanaşmağa başlayırlar. Avroviziyaqabağı cəmiyyətə bu fikirlərin ötürülməsi bu cür fəaliyyətin bir hissəsidir. Amma biz nələri gördük. Baxmayaraq, Avroviziya ərəfəsində müxalifət partiyaları və müəyyən QHT-lər maliyyə dəstəyinə uyğun olaraq beynəlxalq tədbirin keçirilməsinin qarşısını almaq üçün müəyyən şou xarakterli tədbirlər keçirdilər. Amma yenə də cənab prezident öz humanist mövqeyində qaldı. Avroviziya mahnı müsabiqəsindən sonra Müsavat partiyasının fəal üzvlərindən biri olan Arif Hacılıya anasını vəfatı ilə bağlı icazə verildi ki, o bir həftəlik azadlığa buraxılsın. İki gün öncə Azərbaycanın görkəmli şairi Əli Kərimin oğlu Orxan Kərimovun səhhətində yaranan problemlə bağlı ölkə prezidentinin tapşırığı ilə onun barəsində seçilmiş həbs qəti imkan tədbiri dəyişdirildi və dünən də əvf fərmanı imzalandı, müxalifət fəalları, 2 aprel aksiyasında həbs olunanlar azadlığa buraxıldılar. Biz inanırdıq ki, cənab prezident humanist addımlar atmağa davam edəcək. Amma təəssüf ki, bəziləri bu humanist fəaliyyəti görmək istəmir. Dünənki əvf fərmanının verilməsi bir daha sübut elədi ki, özlərini necə aparmaqlarından aslı olmayaraq hətta Azərbaycanın imicini zərbə vursalar belə cənab prezident öz humanist mövqeyindən əl çəkmir, bu addımları atmaqda davamlıdır və inanırıq ki, bundan sonrada davam edəcək.
- Həmişə bu cür humanist addımdan sonra müxalifət bunu qərbin təzyiqi kimi dəyərləndirir. Siz bunu necə düşünürsünüz?
- Ölkə rəsmiləri birmənalı olaraq bəyan ediblər və biz hüquq müdafiəçiləri bu bəyanat qoşuluruq. İndiki zamanda heç bir ölkə rəsmisi, cənab prezident heç bir təzyiq altında heç bir addım atmaq fikrində deyil və atmayacaq. Əvf fərmanının verilməsi, milli məsələlərdə, Dağlıq Qarabağ məsələsində və digər məsələlərdə basqılar var. Amma şükür Allaha görürsünüz ki, cənab prezident qətiyyətli mövqeyində durur və ölkənin milli maraqlarının əksinə addım atmaq niyyətində deyil. O cümlədən əvf fərmanının verilməsində hansı tapşırıqdan söz gedə bilər? Əgər belə bir tapşırıq varsa, bir sıra Avropa ölkələri mətbuatında Avroviziya əlehinə yazılar dərc olunurdu. Hətta bu müsabiqənin Azərbaycanda keçirilməməsi istənirdi. Amma cənab prezident bu addımı atmadı. Hazırda bütün tədbirlər başa çatıb, əmin-amanlıqdır. Cənab prezidentin bu əvf fərmanı verməsi onun öz konstitusion hüququdur. Qeyd edim ki, hüquq müdafiçiləri zaman-zaman cənab prezidentə, əvf komissiyasına müraciət edib. Çox istəyirdik ki, 2 aprel aksiyasında həbs olunmuş şəxslər azadlığa buraxılsın. Çox təşəkür edirik ki, prezident bu addımı atdı. Bu onun öz qərarıdır və heç bir təzyiq altında atılmayıb.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB