Beynəlxalq Böhran Qrupu Azərbaycanla Ermənistan arasında yeni müharibə təhlükəsi barədə xəbərdarlıq edib

Beynəlxalq Böhran Qrupu Azərbaycanla Ermənistan arasında yeni müharibə təhlükəsi barədə xəbərdarlıq edib

"Dağlıq Qarabağ münaqişəsi tərəflərindən biri cəbhə boyu geniş miqyaslı hücuma keçməsə belə iki ölkənin qoşunları arasında təmas xəttində arabir başverən kiçik atışmalar nəzarətdən çıxa bilər". SİA-nın xəbərinə görə, bu barədə bəyanatla Beynəlxalq Böhran Qrupu çıxış edib. Qrup Azərbaycanla Ermənistan arasında yeni müharibə təhlükəsi barədə xəbərdarlıq edib: "ABŞ, Avropa Birliyi, Rusiya və Türkiyə hadisələrin belə bir istiqamətdə gedişinin qarşısını almaq üçün addımlar atmalıdır. Çünki danışıqlarda əhəmiyyətli irəliləyişin olmaması narahatlıq yaradır. Eyni zamanda Azərbaycanın hərbi büdcəsinin artması bu ölkəni ermənilər tərəfindən zor gücünə işğal olunan əraziləri geri qaytarmağa sövq edə bilər. Öz növbəsində Ermənistan belə bir təhlükənin qarşısını almaq üçün qabaqlayıcı hücum əməliyyatlarına başlaya bilər".

Qrup müharibənin qarşısını almaq üçün bir sıra tövsiyələrlə çıxış edib: "Müharibə təhlükəsini qarşısını almaq üçün tərəflər əsas prinsiplər üzərində razılığa gəlməlidir. Münaqişə tərəfləri arasında etimadın əldə edilıməsi üçün öncə cəbhə xəttindən snayperlər geri çəkilməli, Ermənistan vətəndaşları hərbi xidmət çəkmək üçün Dağlıq Qarabağa göndərilməməli və Ermənistan vətəndaşlarının işğal edilmiş ərazilərdə məskunlaşmasına son verilməlidir. Beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT Minsk qrupu vasitəçilik səylərini gücləndirməli və təmas xəttində baş verən insidentləriə son qoymaq üçün ciddi tədbirlər görməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə