Rəsmi Bakı: \"İşğal faktı öz adı ilə çağırılmalıdır\"

Elmar Məmmədyarov Fransanın yeni səfiri ilə görüşündə Qarabağ nizamlanmasının uzanmasının yolverilməz olduğunu vurğulayıb


Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Paskal Monini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Məmmədyarov Monini ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Nazir yeni səfirin iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.


Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin həllinin uzanmasının yolverilməz olduğunu bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən çıxmasının vacibliyini vurğulayan nazir qeyd edib ki, Ermənistan tərəfindən edilən təhriflər yolverilməzdir və işğal faktı öz adı ilə çağırılmalıdır.


Öz növbəsində fransalı diplomat bildirib ki, Azərbaycan və Fransanın ümumi maraqları çoxdur. Səfir həmçinin qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensial mövcuddur. Paskal Moni ölkəmizə səfir təyin olunmağından məmnunluq ifadə edib və Azərbaycanın müasir, tolerant və çox mədəniyyətli ölkə olduğunu vurğulayıb.


Görüşdə həmçinin ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə