Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib


Bu gün Paris şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.


Həmsədrlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış ediblər. Bəyanata əsasən görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, humanitar əlaqələrin inkişafı, atəşkəs rejimi pozuntularının araşdırılması üçün mexanizmin yaradılması, tarixi-mədəniyyət abidələrinin qorunması kimi məsələlər üzrə görüləcək işlər müzakirə olunub.


Həmsədrlər təmas xəttində baş verən insidentlərdən dərin narahatlıqlarını bir daha ifadə edərək atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini vurğulayıblar. Bəyanatda deyilir ki, nazirlər münaqişənin sülh yolu ilə həlli üçün həmsədrlərlə birgə işi davam etdirməkdə qərarlı olduqlarını, eləcə də danışıqların atmosferinə müsbət təsir göstərəcək etimad artırıcı tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər: "Görüş müsbət və konstruktiv məcrada keçdi. Növbəti addım kimi həmsədrlər yaxın həftələrdə bölgəyə səfər edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə