Rəsmi Bakıdan Fransa şirkətinə ciddi etiraz

Ermənilər Xankəndi aeroportunu işə sala bilmədi


Xankəndi hava limanını işə salmaq məqsədilə separatçı Dağlıq Qarabağ rejimi daha bir addım atıb. Bu məqsədlə Fransanın "Tales" firmasının Almaniya filialı aeronaviqasiya avadanlığını Ermənistana satıb, Ermənistan isə bunu Xankəndiyə ötürüb. Bunun ardınca Azərbaycanın Fransadakı səfirliyi "Tales" şirkətinin rəhbərliyi ilə görüşərək izahat tələb edib.


Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası da öz növbəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentinə, Avropa və Şimali Atlantika bürosuna və Avropa Mülki Aviasiya konfransının prezidentinə etiraz məktubu ilə müraciət edib və onların qarşısında avadanlığın Xankəndi aeroportunda quraşdırılmasının qadağan edilməsi tələbini qoyub. "Tales" şirkəti isə bu halın baş verməsinin Almaniya filialının səhvi olduğunu və avadanlığın işlək vəziyyətə gətirilmədiyini bildirib.


Xankəndi aeroportunda reyslər təxirə salınıb. Bununla da, ermənilərin Xankəndi aeroportundan hava reyslərinə başlamaq planları növbəti dəfə təxirə salınıb.


Xatırladaq ki, Xankəndi hava limanı Azərbaycanın nəzarətindən kənar ərazidə yerləşdiyindən Bakı bu uçuşlara imkan verməyəcəyi barədə bir neçə dəfə xəbərdarlıq edib. Beynəlxalq Mülki Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın mövqeyini rəsmən müdafiə edir. Elə buna görə də qurum erməni tərəfini hava limanının işə düşməsi üçün müvafiq icazə almağa çağırıb.

Beynəlxalq Mülki Aviasiya Agentliyinin qanunlarına əsasən, Dağlıq Qarabağda hava limanının fəaliyyətə başlaması və hər hansı avadanlığın quraşdırılması üçün həm Azərbaycan tərəfinin , həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatının icazəsi olmalıdır. Rəsmi Bakı isə bəyan edir ki, Dağlıq Qarabağ tanınmamış respublika olduğundan oradan uçan aviareyslər qanunsuz sayılacaq./ans/

Bütün xəbərlər Facebook səhifəmizdə