Millət vəkili Qənirə Paşayeva ATİB-in toplantısında çıxış edib - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva ATİB-in toplantısında çıxış edib - FOTOLAR

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi" bir həftəlik tədbirlər silsiləsi çərçivəsində respublikamızda səfərdə olan İraq Türkmanlarından ibarət nümayəndə heyətinin üzvləri Azərbaycan Türk İş Birliyinin (ATİB) düzənlədiyi ənənəvi axşam ziyafətinə qatılıblar. SİA-nın verdiyi məlumata görə, ziyafət Türkiyənin Azərbaycanda olan böyük elçisinin iş müddətinin başa çatması münasibətilə təşkil olunub.


ATİB başqanı Cemal Yanqın açılış nitqi söyləyərək, 300-ə yaxın türk iş adamının toplandığı bu ziyafətdə böyük elçilərin, millət vəkillərinin, mətbuat nümayəndələrinin, ziyalıların iştirak etdiyini qeyd edərkən İraq-Türkman ziyalılarının gecədə iştirakını xüsusi vurğulayıb.


ATİB başqanı Cemal Yanqın Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıca xatirə plaketi təqdim edib və sözü ona verib. Hulusi Kılıc Azərbaycandakı fəaliyyətindən, iş adamları ilə olan maraqlı görüşlərindən danışıb, burda olan dostlarını hər zaman xatırlayacağını və Azərbaycan sevgisini həmişə qəlbində yaşadacığını qeyd edib. Böyük elçi bu gecənin onun üçün xüsusi anlam daşıdığını vurğulayarkən, İraq-Türkmən nümayəndə heyətinin də bu gecədə iştirak etməsindən məmnun olduğunu bildirib.


Sonra səhnəyə ATİB qrupu dəvət olunub və gecənin ilk musiqisi səslənib. Ard-arda səslənən canlı ifalardan sonra millət vəkili, dr. Qənirə Paşayeva ürək sözlərini söyləməsi üçün səhnəyə dəvət olunub. Millət vəkili sözə bütün türkləri salamlamaqla başlayıb: "Bu an ziyafətdə böyük türk elinin kiçik bir modelini görürəm. Həm Azərbaycan türklərinin, həm Türkiyə türklərin, həm də Kərkük türklərinin, Kıbrıs türklərinin də bulunduğu bu gecənin təşkilinə görə böyük elçimiz Hulusi Kılıca, ATİB başqanı Cemal Yanqına böyük təşəkkürlərimi bildirmək istəyirəm. Həmçinin qeyd edim ki, türk iş adamları Azərbaycana daha çox gəlsələr, həm sərmayə baxımından, həm də əlaqələr baxımından çox böyük inkişaf ola bilər. Onu qeyd edim ki, İraq-Türkman nümayəndə heyəti bir azdan səhnə alıb hər birinizi öz gözəl musiqiləri ilə salamlayacaq. Onlara burdan öz vətənlərinə xoş gəldiklərini də vurğulamaq istəyirəm. Azərbaycanın gücü Türkiyənin gücüdü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Bizim birliyimiz isə bütün Türk dünyasının birliyi və gələcəyi üçün çox önəmlidir. Mən bilirəm ki, bizim kimi, cənab səfirin, Camal Yanqının, İraqdan gələn soydaşlarımızın, Azərbaycandakı Kipr elçimizin də ən böyük arzusudur ki, inşallah, növbəti tədbirlərimizi birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağımızda, Xankəndimizdə, Şuşamızda və digər torpaqlarımızda keçirək. Mən əminəm ki, o gün uzaqda deyil.".


Gecədə Azərbaycan və türk sənətçiləri ilə yanaşı İraq-Türkman sənətçiləri də səhnədə yer alıb və öz möhtəşəm ifaları ilə gecəyə çox fərqli bir rəng qatıblar. Təşkil olunmuş ziyafətdə bütün türk elinin böyük sevgi ilə dinlədiyi Azərin xanım da səhnədə öz yerini alıb, ard-arda səsləndirdiyi musiqiləri ilə gecəyə damğasını vurub. Xüsusilə sözləri millət vəkili Qənirə Paşayevaya aid "Turanım" və böyük şair Əhməd Cavadın sözlərinə dahi bəstəkar Üzeyir Hacıbəyovun yazdığı "Çırpınırdı Qara dəniz" mahnısı gurultulu alqışlarla qarşılanıb.


İraq–Türkman nümayəndə heyətinin üzvlərindən tanınmış ictimai-siyasi xadim, ədib Fövzi Əkrəm Tərzioğlu səhnəyə dəvət alıb və ard-arda qonaqlar üçün vətən sevgisi ilə boyanmış şeirlərini səsləndirib. Həmçinin o, ATİB başqanı Cemal Yanqına xatirə plaketi, Türkmən bayrağı və bir sıra CD də təqdim edib. Söz alan dr. Mustafa Ziya da burda bulunmaqdan məmnun olduğunu və hər zaman Azərbyacan-Turkiyə-İraq mədəni əlaqələrinin inkişafında əlindən gələn işləri görəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə