Ombudsmanlar yenidən Bakıda toplaşacaq

Ombudsmanlar yenidən Bakıda toplaşacaq

18-20 iyun "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusuna həsr edilmiş Ombudsmanların növbəti ənənəvi Bakı Beynəlxalq konfransı keçiriləcək. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, YUNESKO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 20 ölkəsindən 56 xarici qonaq - ombudsmanlar və onların nümayəndələri, milli insan hüquqları təsisatlarının təmsilçiləri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edəcəklər. Bunlardan Meksika, Çin, Yaponiya, Koreya, Malayziya və Türkiyə ilk dəfə olaraq Ombudsmanların Bakı konfransına qatılırlar.


Ombudsman təsisatının institusional üzvü olduğu Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının məsul təmsilçiləri də konfransa qatılacaqlar. Konfrans çərçivəsində ilk dəfə olaraq Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası Bakıda keçiriləcək. Beynəlxalq konfransda həmçinin Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların və KİV-in təmsilçiləri iştirak edəcəklər.


Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə cari ilin 18 may - 18 iyun tarixlərində respublikada ənənəvi İnsan hüquqları aylığı elan olunmuş və silsilə tədbirlər davam etdirilməkdədir. İnsan hüquqları aylığının nəticələrinə konfransda yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə