“Dağlıq Qarabağda konsertə neçə saat qaldı” - FOTOSESSİYA

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və Xocavənd rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü münasibətilə Xocavənd rayon mərkəzində möhtəşəm ədəbi-bədii gecə keçirilib. Rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri, o cümlədən şəhid ailələri və müharibə veteranları qarşısında çıxış edən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1988-ci illərdən bu yana Qarabağda yaşanan ictimai-siyasi proseslərdən, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra hərc-mərcliyin, başıpozuqluğun aradan qaldırıldığını, vahid komandanlığa tabe olan nizami ordu quruculuğunun həyata keçirildiyini vurğulayıb. O, Milli Qurtuluş günü ərəfəsində kərküklü soydaşlarımızın iştirakı ilə bayram şənliyinin keçirilməsini ikiqat bayram kimi dəyərləndirib. Bir neçə ay bundan öncə millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Türkiyədən böyük nümayəndə heyətinin də Xocavənddə olduğunu söyləyən Eyvaz Hüseynov indi də Kərkükdən gələn nümayəndə heyətini salamlamaqdan, onlara "öz vətəninizə xoş gəlmisiniz" deməkdən məmnunluğunu bildirib.


Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva öz yurdunu-yuvasını tərk etməyən, qoruyan xocavəndlilər qarşısında çıxış etməkdən çox məmnun olduğunu qeyd edib: "Əziz və qəhrəman xocavəndlilər, nə yaxşı ki, sizlər varsınız, bu torpaqlarda yaşayırsınız. Mən sizin hər birinizi bu gün münasibətilə təbrik edirəm. Siz indi olduğunuz bu torpağı böyük mücadilə hesabına, torpağın hər qarışını şəhid qanı ilə suvararaq qoruyub saxlamısınız. Bu gün Xocavənd inkişaf edir, möhkəmlənir, gələcəyə böyük ümid və inamla gedir. Biz bugünlərə ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun, ictimai-siyasi fəaliyyətinin nəticəsində gəib çıxmşıq. Milli liderimizin siyasi kursu, dövlət quruculuğu kursu, dövlətçiliyimizin möhkəmləndirilməsi kursu son 9 ildə cənab prezidentimiz İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir".


Sonra Kərkükdən gələn soydaşlarımızı təqdim edən millət vəkili doğrudan da onların burada öz vətənlərində olduqlarını, özünün də Kərkükdə olarkən Azərbaycandaymış kimi hiss etdiyini, Kərkükü Gəncədən, Şəkidən fərqləndirmədiyini vurğulayıb.


Ümummilli lider Heydər Əliyevin "tarixi araşdırarkən gördüm ki, Quzey Azərbaycan da, Güney Azərbaycan da, İraq türkmanları da bir bütövün parçalarıdır" sözlərini xatırladan millət vəkili Qənirə Paşayeva bütün iştirakçıları "bayrama qarışan bayram" münasibəti ilə bir daha təbrik edib.


Dədələrinin yüzillər öncə Qarabağdan Kərkükə getdiyini deyən və Kərkükdə qarabağlı və gəncəli tirələrinin olduğunu xatırladan "Türkmeneli" Vəqfınin başqanı Fatih Türcan öz çıxışında Azərbaycanda, o cümlədən Xocavənddə gördükləri isti münasibəti heç vaxt unutmayacaqlarını qeyd edərək, öz milli qurtuluş bayramınızı bizimlə keçirdiyiniz üçün təşəkkürlərini bildirib.


Tədbirdə dr. Şəmsəddin Kuzəçi, dr. Mustafa Ziya, İraqın parlamentinin sabiq deputatı, şair Fövzi Əkrəm Tərzioğlu, sənət ustası İsmət Hürmüzlü, "Türkmeneli" TV-nin müxbiri Ali Kaspoğlu, "Hürriyyət" qəzetinin müxbiri Mustafa Küçük, pofessor Vaqif Arzumanlı, DGTYB-nin başqanı Əkbər Qoşalı və başqaları iştirak edib.


Ədəbi-bədii gecənin ilk iştirakçısı Səlahəddin orta məktəbinin şagirdi Çinarə Qədimli səhnəyə çıxaraq Kərkük bayatılarını səsləndirib. Muğam müsabiqəsinin diplomatı Səadət Cavadova və digər yerli musiqiçilər də iştirak edib qonaqları salamlayıblar.


Kərküklü sənətçilər və məşhur türkmən musiqiçisi İsmayıl Tərzioğlu rayon ictimaiyyəti və şəhid ailələrinin alqışları ilə səhnəyə dəvət olunub. Kərküklü soydaşlarımız hər kəsə möhtəşəm və unudulmaz bir gecə yaşadıb.


Konsert proqramından sonra İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov xocavəndlilərin bayram əhval-ruhiyyəsinə bayram qatdıqlarına görə, gözəl çıxışlarına görə onlara öz dərin minnətdarlığını bildirib.


Millət vəkili Qənirə Paşayeva isə İraqlı soydaşlarımızı səhnəyə dəvət edərək, onlara üzərində Azərbaycan bayrağı əks olunmuş saatlar bağışlayaraq bu sözləri deyib: "Qoy İraqda yaşayan soydaşlarımız, qardaş-bacılarımız hər dəfə bu saata baxanda desinlər – Dağlıq Qarabağımızda azərbaycanlı qardaş-bacılarımızla birgə verəcəyimiz konsertə neçə saat qaldı".

Sonda qonaqlarla xatirə şəkli çəkdirildi.


Bütün xəbərlər Facebook səhifəmizdə