ATƏT-in fəaliyyətdə olan sədri Qarabağdan danışıb

"Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyunun 18-də Parisdə keçiriləcək görüşündə təmas xəttində baş verən insidentlərin araşdırılması üçün mexanizmlərin yaradılmasına dair danışıqlarda inkişaf əldə olunacağına inanıram". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor deyib: " Mexanizmlərin yaradılması vacibdir və bununla təmas xəttindən snayperlərin çəkilməsinə və cavab tədbirlərinin qarşısının alınmasına zəmanət verilmiş olar. Mən bununla bağlı İrəvanda deyirəm və Bakıda da bəyan edəcəyəm".

E.Gilmor eyni zamanda Ermənistan və Azərbaycana səfərinin məqsədlərindən də danışıb: "Səfərimin məqsədlərindən biri bu ölkələrin siyasi rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaq yollarını müzakirə etməkdir. Bu, mənim üçün çox mühümdür. Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ilk növbədə tərəflər güc tətbiqindən çəkinməlidirlər. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün keçmişdə buraxılan səhvlərə görə günahkar axtarmaq doğru deyil. Dağlıq Qarabağ münaqişəsi güc və zorakılıq yolu ilə həll edilə bilməz. Tərəflər münaqişənin həllinə nail olmaq üçün kompromisə getməli olduqlarını anlamalıdırlar. ATƏT-in Minsk Qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ - fəal şəkildə atəşkəs rejiminin gücləndirilməsinə və danışıqlar vasitəsiylə həll yolunun tapılmasına çalışırlar ki, bu da ATƏT rəhbərliyi tərəfindən dəstəklənir. Bizim təcrübəmiz münaqişənin həllində real nəticəyə gəlməyə imkan verir. Bu çətindir, eyni zamanda siyasi iradə tələb edir".

O, bildirib ki, bu ərazidə yaşayan insanlar status-kvo vəziyyətində deyil, sülh və təhlükəsiz şəraitdə yaşamalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə