Eks prezidentlər haqqında qanun qəbul edildi

Milli Məclis çərşənbə axşamı növbədənkənar iclasda \"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında\" Konstitusiya qanununu təkrar səsverməyə çıxararaq qəbul edib. SİA-nın məlumatına görə, iclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, 2009-cu ildə keçirilən referendum zamanı bu məsələ qəbul olunmuşdu. O qeyd edib ki, bu konstitusiya qanunu olduğundan 6 ay sonra təkrar səsverməyə çıxarılıb.

\"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında\" qanuna əsasən, bu qanun prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq.

Qanun impiçment qaydasında vəzifədən kənarlaşdırılan sabiq prezidentlərə şamil olunmayacaq.

Keçmiş prezident prezidentin aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. Sabiq prezident vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar.

Qanunda sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub. Əgər prezident vəfat edibsə, avtomobil əvəzinə ailəsinə onun təminatı ödəniləcək.

Keçmiş prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq.

Qanunda qeyd olunur ki, sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, prokurorun təqdimatı ilə saxlanıla bilər.

Tibbi təminat üzrə dövlət qulluğu üçün müəyyən edilmiş qanun və qaydaların müddəaları keçmiş prezidentlər və ailə üzvlərinə şamil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə